Reklam
Reklam

Məsəllər, deyimlər

VƏTƏNƏ GƏLDİM, İMANA GƏLDİM

Qürbətdən vətənə gəlib çıxmış, vətən həsrəti çəkmiş adamlar haqqında deyilən ifadə.

İfadə xalq arasında yayılmış aşağıdakı rəvayətlə bağlıdır.

Bir xan qəfəsdə bülbül saxlayırmış. Qəfəsin yan-yörəsində hər cür güllər varmış. Ancaq bülbül hətta bahar fəslində də oxumazmış.

Xan eşikağasını çağırıb deyir:

– Burax bu bülbülü, getsin. Ancaq onu izlə, gör hara gedir.

Eşikağası bülbülü buraxıb dalınca düşür. Görür ki, quş bir qaratikan kolunun üstündəki yuvaya qondu və «vətənə gəldim, imana gəldim» deyərək cəh-cəh vurmağa başladı. Xan öz-özünə fikirləşir: «Mən onu gül-çiçəyə qərq eləmişdim. Sən demə, bütün bunlar qaratikan kolunun yanında heç nə imiş».

Buna bənzər fikir Azərbaycan folklorunda da var. Rəvayətə görə, Qarabağ xanının qızı Ağabəyim ağa İran şahına ərə verildikdən sonra vətən üçün çox darıxırmış. Əri qarabağlı qızın könlünü almaq məqsədilə onun üçün hər cür şərait qurur, hətta Qarabağ ellərindəkinə bənzəyən ayrıca bağ da salır. Ancaq doğma torpağının həsrətini çəkən qadın deyir:

Mən aşiqəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Məsəllər, deyimlər