Reklam
Reklam

Məsəllər, deyimlər

UÇAN HOLLAND

►Daim hərəkətdə olan, dinclik bilməyən, narahat, əsəbi, həmişə tələsən adam haqqında işlədilən ifadə.

İfadə orta əsrlərdə inadkar gəmi kapitanı olmuş van der Dekken haqqındakı əfsanədən yaranaraq yayılmışdır.

Əfsanədə deyilir ki, Hindistandan qayıdarkən təkəbbürlü, inadkar və lovğa kapitan hətta həyatı bahasına olsa belə, fırtına vaxtı gəmini qayalara çırpmadan təhlükəli Ümid burnundan keçirəcəyinə söz verir. Lakin yersiz inadına və lovğalığına görə tale onu cəzalandırır. Rəvayətə görə, kapitanın ruhu və onun kabus gəmisi o vaxtdan bəri hələ də dənizdə üzür. Onu öz yolunda görmək dənizçilər üçün pis əlamət hesab edilir.

Bu əfsanənin tarixi əsasını isə portuqal dənizçisi Vasko da Qamanın 1497-ci ildə Afrikanın cənub burnu – Ümid burnuna çatması, onu əvvəlcə Fırtına burnu adlandırması təşkil edirdi. Hollandiya Niderland dövlətinin tərkibində əyalətdir, Niderlandı bəzən qeyri-rəsmi olaraq Hollandiya adlandırırlar, ifadənin adı da buradan qaynaqlanır.

Yerini tez-tez dəyişən, sərgərdan insanları obrazlı olaraq «uçan hollandlar» adlandırırlar. İfadə alman dilində «der fliegende Hollander» şəklində işlənir.

Alman və digər müasir Avropa dillərində bu ifadə R.Vaqnerin «Uçan holland» operası sayəsində məşhurlaşmışdır.

Məsəllər, deyimlər