Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sual cümləsi

Sual məqsədilə (sual verib cavab almaq məq­sədilə) iş­lədilən cümlə.

Kommunikativ baxımdan sual ­cüm­­ləsi nəqli, əmr və nida cümlələrinə qarşı qoyulur. Sual cüm­­ləsinin işlədilməsində əsas məqsəd məlumat almaq, əldə olan məlumatı dəqiqləşdirməkdir; məs.: Sənin ana dilin nə­dir? Sənin ana dilin Azərbaycan dilidir? Bəzi sual cümlələri cavab tələb etmir: Adam da özündən böyüyə əl qaldırar? Bu tipli sual cümlələri, əsasən, bədii üslubda işlədilir və ritorik sual adlanır. Yazıda sual cümləsindən sonra həmişə sual işa­rəsi qoyulur. Sual cümlələri yaranma yoluna görə üç yerə bölünür: 1. Sual əvəzliklərinin köməyi ilə: Siz hara gedirsiniz? Atan necədir? 2. Sual ədatlarının (-mı4, yəni, bəs, məgər, ki) köməyi ilə: Gəldinmi? Bəs o, kimi çağırdı? 3. Yalnız sual in­to­nasiyasının köməyi ilə: Sən evə gedirsən? Bu yolla ya­ranan sual cümlələri nəqli cümlələrə yaxın olur. Sadəcə, cümlənin xəbərinin sonu bir az uzun tələffüz olunur.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti