Reklam
Reklam

Məsəllər, deyimlər

ŞİRİN ŞEYƏ DUZ VURMAZLAR...

Xoşagələn bir şeyə artıq, gərəksiz çalarların əlavə edilməsinə ehtiyacın olmadığını bildirən ifadə.

İfadə Şərqin böyük ədəbi simaları Mövlana ilə Şeyx Sədi arasında olan bir dialoqdan qaynaqlanaraq yayılmışdır.

Şərqin klassik şairlərindən olan Şeyx Sədi Şirazi böyük mütəfəkkir Mövlana Cəlaləddin Rumi ilə bir dövrdə yaşamışdır. Şeyx Sədi gəzməyi çox sevirdi. Rəvayətə görə, bir gün o, Konyaya gəlir və bir neçə gün Mövlananın qonağı olur.

Bu ziyarət əsnasında Sədi özünün «Gülüstan» əsərini oxuyub rəy bildirmək üçün Mövlanaya təqdim edir. Mövlana əsərlə bağlı fikir bildirməyə tələsmir. Nəhayət, gözləməyə səbri çatmayan Sədi böyük mütəfəkkirdən: «Əsəri oxudunuzmu?» – deyə soruşur. Mövlana bir müddət susduqdan sonra «oxudum, binəmək», yəni «duzsuzdur» deyir.

Sədi heç gözləmədiyi bu sözə görə çox kədərlənir. Dostunun tutulduğunu görən Mövlana onu həm kədərdən qurtaran, həm də çox sevindirən bu cümləni söyləyir: «Həlva əst», yəni duzsuz halva kimidir, çox dadlı və şirindir. Şirin şeyə isə duz qatmazlar.

İfadəyə sinonim olaraq «İpək yorğan-döşəkdə bit-birə axtarmazlar» yumorlu ifadəsi də işlənir.

Məsəllər, deyimlər