Reklam
Reklam

Məsəllər, deyimlər

ŞƏR İMPERİYASI

►Bütün dünyada sülh və əmin-amanlıq üçün təhlükə yaradan zorakılığı, müharibə və münaqişələri qızışdıran hər hansı qorxulu qüvvəni səciyyələndirmək məqsədilə işlədilən ifadə.

İfadə 1981–89-cu illərdə ABŞ prezidenti olmuş Ronald Reyqanın dilindən yayılaraq məşhurlaşmışdır.

Dünya tarixində daha çox SSRİ-ni iqtisadi və ideoloji cəhətdən çökdürmüş prezident kimi qalmış R.Reyqan hakimiyyətə gəldiyi ilk gündən yer üzündə bütün təhlükələrin mənbəyi hesab etdiyi Sovet İttifaqına qarşı siyasi-ideoloji müharibəyə başlamışdır. Bu müharibəni qalibiyyətlə bitirmiş R.Reyqan həm də kütləvi çıxışlarında işlətdiyi bir sıra tarixi ifadələrlə yadda qalmışdır. Əsas peşəsi aktyor olan R.Reyqan çıxışlarını maraqlı lətifələr üzərində qurar və tez-tez obrazlı ifadələr işlədərmiş. SSRİ-nin ünvanına dediyi və qısa müddətdə məşhurlaşmış «Şər imperiyası» deyimi həmin populyar obrazlı ifadələrdən biridir.

ABŞ prezidenti bu ifadəni 1983-cü il martın 8-də din xadimlərinin Orlando (Florida ştatı) şəhərində keçirilmiş konfransında səsləndirmişdir. Dünyada sülhü qorumağın vacibliyindən danışarkən R.Reyqan SSRİ-ni nəzərdə tutaraq «Şər imperiyasının aqressiya cəhdləri güclənmişdir» ifadəsini işlətmişdir. Ölkə qəzetlərinin yazdığına görə, o, ifadəni məşhur «Ulduz müharibələri» filmindən (1977, ssenari müəllifi və rejissor C.Lukas) götürmüşdür. Həmin filmdə əsas qəhrəmanlar «qalaktikanın şər imperiyası»na qarşı vuruşurlar.

İfadə hazırda beynəlxalq və regional səviyyədə bir çox dövlətlərə qarşı, o cümlədən ABŞ-ın özünün də ünvanına işlədilir.

Məsəllər, deyimlər