Reklam
Reklam

Məsəllər, deyimlər

SƏN YAXŞI BİLİRSƏN, YOXSA HƏKİM?

►Özünə sərfəli olduğuna görə qeyri-mümkün işi müdafiə edən və bu zaman daha nüfuzlu adamların rəyini əsas gətirən adamlar haqqında işlədilən ifadə.

İfadə xalq arasında danışılan bir lətifədən qaynaqlanır.

Əldən-ayaqdan düşmüş, dişləri tökülüb beli bükülmüş, gözləri yaxşı görməyən bir qarı hər gün oğlunu danlayaraq onu həkimin yanına aparmasını tələb edirmiş. Bir gün oğlu onu məşhur həkimlərdən birinin yanına aparır. Qarı bütün şikayətlərini söyləyib həkimdən ona dərman verməsini xahiş edir. Həkim bütün bu xəstəliklərin qocalıq əlaməti olduğunu başa düşür, lakin arvada sataşmaq məqsədilə zarafatla onun oğluna deyir:

– Bu arvadı ərə vermək lazımdır. Onda bütün xəstəlikləri sağalıb gedər.

Həkimin bu sözlərindən pərt olmuş oğlan gah həkimə, gah da anasına baxıb təəccüb edir. Oğlunun etiraz etmək istədiyinu duyan qarı ona acıqlanaraq deyir:

– Nə mat-mat baxırsan, kişinin dediyinə yaxşı qulaq as də, bu işləri sən yaxşı bilirsən, yoxsa həkim?

Məsəllər, deyimlər