►Özünü başqası ilə, ondan hədsiz üstün olan biri ilə eyniləşdirən və ya onunla müqayisə edən adam haqqında kinayə ilə işlədilən ifadə.
İfadə xalq arasında geniş yayılmış bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətdə deyilir ki, ovçuların izlədiyi yaralı maral meşənin qalın yerinə girib canını birtəhər qurtarır. Bir gölməçənin kənarında ayaq saxlayıb su içir, təhlükənin sovuşduğunu görüb elə buradaca dincini alır. Gölməçənin kənarında marala göz qoyan qurbağa onun bikef olduğunu görüb soruşur:
– Ay maral, nə olub sənə, niyə belə narahatsan?
Maral cavabında dərdli-dərdli deyir ki, «adamlar məni çox incidirlər».
Qurbağa isə başını canıyananlıqla bulayıb cavab verir ki, «axı bunlar sən maralla mən maraldan nə istəyirlər, niyə gözləri bizi götürmür?»
Maral heyrətlə bir qurbağanın eybəcər sir-sifətinə, bir də suda özünün gözəl əksinə baxır və dərindən ah çəkərək:
– Bu güllə yarası məni öldürməzdi, amma sənin özünə maral deməyin məni qiyamətə qədər yandıracaq, – deyir.
İfadə bəzən qisaca «sən maralla mən maral» şəklində də işlədilir və özünü başqalarına tay etmək istəyən səfeh adamlara münasibətdə kinayə və rişxəndlə işlədilir.
Məsəllər, deyimlər