►Oxucu cəlb etmək naminə daha çox əyləncə və sensasiya doğuran yazılar dərc edən aşağı səviyyəli qəzetlər haqqında işlədilən ifadə.
İfadə ABŞ-da qəzetçilik təcrübəsi ilə bağlı yaranaraq yayılmışdır.
XIX əsrin sonunadək qəzetlər ictimaiyyəti məlumatlandıran yeganə informasiya vasitəsi idi. Rəqabət aparan qəzetlər daha çox oxucu cəlb etmək üçün bir-biri ilə mübarizədə mümkün vasitələrdən, hətta ən çirkin üsullardan istifadə edirdi. Həmin dövrdə ən geniş yayılmış üsullardan biri sensasiyalı xəbərlər yaymaq idi; məsələn, Nyu-Yorkda aparıcı qəzetlər bir-birinin bəhsinə səhifələrində seks və cinayətlər barədə materiallar dərc edirdi. Əsrin axırlarına yaxın rəngli qəzetlər meydana çıxdı və rəngli başlıqlar oxucuların diqqətini cəlb etdiyindən belə qəzetlər tez və daha böyük tirajla satılmağa başladı.
1896-cı ildə Nyu-Yorkun «Uorld» qəzeti bu sahədə daha irəli gedə bildi. Qəzet hər gün birinci səhifəsində rəssam Riçard F.Autkoltun komikslərini – müəyyən olayları çatdıran silsilə rəsmləri çap etməyə başladı. Bu komikslərin qəhrəmanı şəhər həyatında baş verən hər hansı bir hadisəni özünəməxsus bir dillə, istehza ilə şərh edən oğlan uşağı idi. Bu şərhlər onun biçimsiz paltarının üzərində çap olunurdu. Paltar açıq-sarı rəngdə olduğundan komikslər «Sarı oğlan» adını qazandı. Qəzetin tirajı xeyli artdı və «Uorld» tezliklə şöhrətinin ən yüksək zirvəsinə çatdı.
Həmin illərdə «Nyu-York journal»ı alan U.R.Hörst onun tirajını artırmaqda qərarlı idi. O, jurnalın rəngli əlavəsini yaradaraq rəssam Autkoltu öz tərəfinə çəkməyə nail oldu. Amma «Uorld» rəsmləri dayandırmadı: artıq başqa rəssamın çəkdiyi «Sarı oğlan»la öz uğuruna davam edirdi.
Bundan sonra hər iki «sarı» mətbuat orqanının rəqabəti ağlagəlməz üsullarla aparılırdı. Məhz həmin günlərdə Kuba uğrunda İspaniya ilə münaqişə başladı. Hörst tirajı artırmaq məqsədilə bilərəkdən ictimaiyyəti narahat edən, eləcə də qıcıqlandıran xəbərlər dərc edirdi. Bununla da 1898-ci ildə kiçik, amma lazımsız müharibənin başlamasına yardımçı oldu. Nəticədə gəlir əldə etmək naminə yalan-doğru, istənilən, hətta ən axmaq sensasiyalı xəbəri belə istifadə edən qəzetlər «sarı mətbuat» adlandırılmağa başlandı.
Məsəllər, deyimlər