Reklam
Reklam

Məsəllər, deyimlər

PANİKAYA DÜŞMƏK

►Qəflətən bir şeydən qorxmaq, kütləvi vahimə hissi yaşamaq, hədsiz həyəcanlanaraq təşviş içərisində qeyri-iradi hərəkətlər etmək.

İfadə qədim yunan mifologiyasındakı meşə ilahı Panın adından qaynaqlanır.

Meşələr tanrısı və meşə sahələrinin, çobanların və xırdabuynuzlu mal-qaranın qoruyucusu olan Pan rəvayətlərdə yarıinsan, yarıheyvan şəklində uzunsaqqallı, buynuzlu və keçidırnaqlı təsvir edilir. Onun bu görünüşündən hətta öz anası belə dəhşətə gəlirmiş. Pan ilahının hər bir hərəkəti ətrafdakılarda qorxu, vahimə və çaxnaşma yaradırmış.

Mifologiyada Pan haqqında həm də mehriban və şən tanrı kimi bəhs edilir. O, fleytanı yaratmış, balıqqulağında musiqi çalmağı öyrənmişdi. Amma Panın gur və qorxulu səsi insanlarda qəfil və qeyri-iradi dəhşət hissi yaradırdı, onun köməyi ilə tanrılar Titanların öhdəsindən gəlmiş, yunanlar isə Marafonda qələbə qazanmışlar.

Pan yatanda təbiətə sakitlik və rahatlıq çökürdü, yuxudan ayılanda isə meşə lərzəyə gəlirdi. Hər yerdə səs-küy, qəhqəhə, dəhşətli səslər, o cümlədən ətrafda vahimə yaradan fit səsləri eşidilirdi. Bu səsi eşidən kimi insanlar qorxu içində həmin ərazidən qaçırdılar. İndi işlədilən «panika» sözü də məhz buradan yaranmışdır.

Məsəllər, deyimlər