Reklam
Reklam

Məsəllər, deyimlər

PAMBIQ BƏYİ

►Layiq olmadığı halda özünü əsilzadə, varlı, imkanlı kimi göstərən, imtiyazlı təbəqəyə aid olduğunu iddia edən şəxslər haqqında istehza ilə işlədilən ifadə.

İfadə XIX əsrin ortalarından Azərbaycanda pambıq əkini başladıqdan sonra yaranaraq yayılmışdır.

1864-cü ildә ABŞ-da vətəndaş müharibәsi başladıqdan sonra Amerikadan Rusiyaya pambıq ixracatı azalır. Çıxılmaz vəziyyətdә qalan Rusiya imperiyası bəzi yerlərdə, o cümlədən Azәrbaycanda pambıq əkməyə mәcbur olur. Çarın bəzi iqtisadi güzәştlәri sayәsindә Azәrbaycanın pambıq istehsalı ilә mәşğul olan bir sıra kәndliləri (əsasәn, mülkәdarlar) varlanır vә bәylik rütbәsi alırdılar.

Hәlә 1846-cı ilin dekabrında I Nikolayın yazılı fәrmanı elan olunmuşdu ki, müsəlman əsilzadəlәri (bәy, xan nәsillәri) də rus dvoryanları ilə eyni hüquqa malikdir. Bu qәrara әsasәn birinci vә ikinci rus-İran müharibәlәri dövründә bəylərin, xanların әllәrindәn alınmış imtiyazları bərpa olunmağa başlayır. Qәrardan istifadә edәn bəzi varlılar yerli hakimlərə rüşvət verməklə özlərinə bәylik rütbәsi alırdılar. O dövrdә pambıq işi ilə məşğul olanların gәliri çox olduğundan bәylik rütbəsini, әsasәn, onlar ala bilirdilәr. İfadәnin istehzalı çaları da buradan yaranmışdır.

1866-cı ildә Tiflis, Bakı, İrəvan vә Şuşada ayrıca «bәylik» komissiyaları tәsis olunur. Bunlar «ali müsәlman silki» nümayәndәlәrini müәyyәnləşdirməyə başlayır. Bu prosesdə bəy-xan silkinin nümayәndәlәri içәrisindә bir canlanma yaranır, ad almaq uğrunda yarış gedir. Özündәnbәylәr, yalançı bәylәr çoxalmağa başlayır. Bunlar o şәxslәr idi ki, müxtәlif qanunsuz yollarla – rüşvәt vә tanışlıqla «ali silkə» düşmәyә çalışır vә çox vaxt da buna nail olurdular.

Məsəllər, deyimlər