►Düşüncəsiz danışığı ilə özünü pis vəziyyətə salan, ümumiyyətlə, məntiqsiz danışan adamlara münasibətdə işlədilən ifadə.
İfadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanmışdır.
Deyilənə görə, Molla əlində içərisi şaftalı ilə dolu zənbillə gedirmiş. Küçədə oynayan uşaqların yanından keçəndə üzünü onlara tutub deyir:
– Sizdən kim bu zənbilin içərisində nə olduğunu bilsə, oradakı şaftalıların ən böyüyünü seçib ona verəcəyəm.
Bunu eşidən uşaqlar hamısı bir ağızdan «şaftalı, şaftalı!» deyə çığırır.
Zənbilin ağzı örtülü olduğu halda onun içərisinə məhz şaftalı qoyulduğunu uşaqların haradan bildiyinə təəccüb edən Molla soruşur:
– Onu sizə hansı axmaq dedi?
Bu məsəlin zənbildə yumurta, alma və s. aparıldığını göstərən başqa variantları da vardır. Bütün hallarda ifadə ehtiyatsız və məntiqsiz danışığı ilə özünü pis vəziyyətə salan adam haqqında işlədilir.
Məsəllər, deyimlər