►İnsanın özünə inamsızlığını, özündəki xırda qüsur, çatışmazlıq və zəiflikləri hədsiz şişirdib xəstəlik səviyyəsinə qaldırmasını, bəzən özünü başqalarından aşağı, dəyərsiz hiss etməsini bildirən ifadə.
İfadə Z.Freydin yetirməsi, «fərdilik psixologiyası»nın banisi sayılan məşhur alim Alfred Adlerin (1870–1937) ötən əsrin əvvəllərində çapdan çıxmış «Orqanların natamamlığı haqqında» (1907) əsərindən qaynaqlanır.
A.Adler həmin əsərində uşaqlarda natamamlıq hissini əvvəlcə fiziki qüsurların nəticəsi kimi, sonra şəxsiyyəti inkişaf etdirən universal hərəkətverici qüvvə və bir qədər sonra isə əlverişsiz vəziyyətləri uğurlu dəf etməyin nəticəsi təki təhlil edir. Müəllif bu əsərində ilk dəfə «natamamlıq kompleksi» ifadəsini tibbi termin kimi dövriyyəyə daxil etmişdir.
Sonralar həm təbabətdə, həm də sosial həyatda bu və ya başqa mənfi təzahürlərin qiymətləndirilməsində «natamamlıq kompleksi» ifadəsindən geniş istifadə olunmağa başlayıb.
Məsəllər, deyimlər