Reklam
Reklam

Tarix terminləri lüğəti

maxnoçuluq

1918–1921-ci illərdə Ukraynada anarxist-kəndli hərəkatı.

Hərəkat onun rəhbəri N.İ.Maxnonun (1889–1934) adı ilə adlandırılıb. Hərəkatın əsas qüvvəsini Maxnonun komandanlıq etdiyi Ukrayna inqilabi üsyançılar ordusu təşkil edib. Anarxizm ideologiyasına əsaslanan M.-un başlıca şüarları “Hakimiyyətsiz dövlət”, ”Üçüncü inqilab” və “Sərbəst sovetlər” olub. Çar mütləqiyyətinin və iri torpaq sahiblərinin hakimiyyətinin bərpasına qarşı çıxan M. eyni zamanda bolşeviklərin həmin dövrdə yeritdikləri hərbi kommunizm siyasətini də rədd edib. Bu səbəbdən hərəkat üzvləri gah ağqvardiyaçıların, gah da bolşeviklərin tərəfində vuruşublar. Ağqvardiyaçıların, xüsusilə Vrangelin darmadağın edilməsində M.-un böyük rolu olub. Ağqvardiyaçıları məğlub etdikdən sonra bolşeviklər Maxnonun ordusunun mövcudluğuna son qoymaq qərarına gəliblər. 1921-ci ilin avqustunda maxnoçuların məğlub olması və Maxnonun Rumıniyaya mühacirət etməsi ilə M. hərəkatı yatırılıb.

Tarix terminləri lüğəti