yun. anarchia – hakimiyyətsizlik
Əsas ideyası hər cür dövlət hakimiyyətini inkar etməkdən və hər bir şəxsiyyətin qeyri-məhdud azadlığının təbliğindən ibarət olan ictimai-siyasi cərəyan, ideologiya.
A. öz ideoloji kökləri etibarilə qədim yunan (Antifont – e.ə. V–IV əsrlər, Sinoplu Diogen – e.ə. IV əsr) və qədim Çin fəlsəfəsinə (Lao-Tszı – e.ə. VI–V əsrlər) bağlıdır. Müasir A. isə XIX əsrin 40-cı illərində Qərbi Avropada təşəkkül tapıb, onun banisi fransız siyasətçisi və filosofu Pyer Prudon hesab olunur. A.-in əsas xüsusiyyətləri özünü dövlətə münasibətdə göstərir. Bu cərəyanın tərəfdarları dövləti şər (zülm, müharibələr, repressiyalar, sosial müftəxorluq) mənbəyi hesab edirlər. Onlar dövləti vətəndaşların könüllü assosiasiyası ilə əvəzləmək ideyasını irəli sürürlər. A. “birbaşa təsir” taktikasına, yəni vətəndaşların dövlət hakimiyyətinə qarşı yönəlmiş kütləvi aksiyalarına, həmçinin “ölümlə təbliğat”a – terrorçuluğa xüsusi əhəmiyyət verir. A. 1870-ci illərdə Rusiyada geniş vüsət almış xalqçılıq hərəkatının nəzəriyyə və praktikasına ciddi təsir göstərib. M.Bakunin və P.Kropotkin Rusiyada A.-in ən görkəmli nümayəndələri hesab olunur. Rus anarxistləri 1905–1907-ci illər inqilabında və 1918–1921-ci illər vətəndaş müharibəsində fəal iştirak ediblər.
Tarix terminləri lüğəti