Reklam
Reklam

Məsəllər, deyimlər

KİM YATMIŞ, KİM OYAQ?

►Kimin hansı vəziyyətdə nə düşündüyünü, nə etmək istədiyini, bir iş üçün nə dərəcədə səfərbər və ayıq olduğunu bilmək məqsədilə işlədilən ifadə.

Kifayət qədər geniş yayılmış bu ifadə-müraciət məşhur «Cırtdan» nağılından qaynaqlanmışdır.

Nağılda tәsvir olunur ki, qaranlığa düşüb meşәdә azan uşaqlar səhvən gəlib divin evinә çıxırlar. Div çörәk verib onları yatırdır. Az sonra uşaqlardan birini yemәk istәyir. Onların yatıb-yatmadıqlarını bilmәk üçün soruşur:

– Kim yatmış, kim oyaq?

Cırtdan tez başını qaldırıb deyir:

– Hamı yatmış, Cırtdan oyaq.

Sonra Cırtdan izah edir ki, hәr gecә nənəsi ona qayğanaq yedirib sonra yatırarmış. Div dә qayğanaq bişirib ona yedirir ki, bәlkә, yatsın. Az sonra div yenә hәmin «Kim yatmış, kim oyaq?» sualını verir. Cırtdan yatmadığının sәbәbini bu dәfә belә izah edir ki: «Nənəm hәr gecә mәnә çaydan xәlbirlә su gәtirәrdi». Div tez xәlbir götürüb çaya su gәtirmәyә gedir.

Təbii ki, xəlbirdə su gətirmək mümkün olmadığından Cırtdan vaxt qazanır. Dәrhal yoldaşlarını oyadır və qaçıb xilas olurlar.

Məsəllər, deyimlər