Reklam
Reklam

Tarix terminləri lüğəti

kapitulyasiya

lat. capitulatio < capitulo – anlaşma, razılaşma

1. Hər hansı dövlətin ərazisində məskunlaşan xaricilərə həmin dövlətin vətəndaşları ilə müqayisədə üstünlük verən qeyri-bərabər müqavilə növü.

K. rejiminə görə, adətən, xaricilər yerli orqanların yurisdiksiyasından azad olunurlar, onlara çoxsaylı güzəştlər (ticarət və dənizçilik sahəsində imtiyazlar, vergi imtiyazları və s.) verilir. Bu imtiyazlar xaricilərə qarşılıqlı əsasda deyil, birtərəfli qaydada tətbiq olunur. XVIII–XIX əsrlərdə ABŞ və Avropa dövlətləri Asiya və Afrika ölkələrinə (Yaponiya, Çin, İran, Misir, Əlcəzair, Tunis, Mərakeş və s.) zorla K. rejimini qəbul etdiriblər. XX əsrin ortalarında bu praktikaya son qoyulub.

2. XV əsr – XVI əsrin I yarısında ispan taxt-tacı ilə dənizçilər, konkistadorların rəhbərləri arasında bağlanan müqavilə.

Həmin müqavilələrdə mümkün kəşflərin və müstəmləkə işğallarının şərtləri qabaqcadan müəyyənləşdirilib. K.-nın köməyi ilə İspaniya öz dövlət maraqlarını qorumağa çalışıb. İlk belə K. müqaviləsi 1492-ci il aprelin 17-də X.Kolumbla imzalanıb.

3. Bax: təslim aktı.

Tarix terminləri lüğəti