►Zənginliyin, var-dövlətin gəldi-gedər, səxavət, əliaçıqlıq və ədalətin isə əbədi olduğunu bildirən ifadə.
İfadə Şərqdə dini əfsanələrdən qaynaqlanaraq yayılmışdır.
Dini əfsanələrə görə, Harun Musa peyğəmbərin zamanında yaşamış və dünyanın ən dövlətli, sərvətli hakimi olmuşdur. Onun xəzinələrində səhranın qumları qədər daş-qaş və cəvahirat olduğu iddia edilir. Lakin bütün bunlara baxmayaraq Harun son dərəcə xəsis və tamahkar olmuşdur. O guya Musa peyğəmbərin qarğışı nəticəsində öz var-dövləti ilə birlikdə yerə batmışdır.
Digər tərəfdən məşhur İran şahı Ənuşirəvanın (531–579) adı bütün Şərq aləmində əliaçıqlıq, səxavətlilik və ədalət rəmzinə çevrilmişdir. Rəvayətə görə, o, paltarını dəyişərək qapı-qapı gəzir, xalqın vəziyyəti ilə tanış olur və ehtiyacı olanlara yardım göstərirmiş. Onun sarayında hər gün minlərlə adam yeyib-içir, yardım alırmış.
Buna görə də var-dövlətin müvəqqəti olduğunu və yalnız səxavətli, əliaçıq və ədalətli adamın öz adını əbədiləşdirdiyini, var-dövlət rəmzi olan Harunun çoxdan unudulduğunu və ya adının ancaq pisliyə çəkildiyini, əliaçıq və ədalətli Ənuşirəvan adının isə həmişə ehtiramla xatırlandığını bildirmək üçün bu məsəldən gen-bol istifadə edirlər.
Məsəllər, deyimlər