►Xəsis, acgöz, pul hərisi olan adamlar haqqında işlədilən ifadə.
İfadə M.F.Axundzadənin «Sərgüzəşti mərdi-xəsis» və yaxud «Hacı Qara» adlı komediyasındakı qəhrəmanının adı ilə bağlıdır.
Böyük dramaturq bu əsərdə tipik xəsis, şərqli tacirin olduqca inandırıcı obrazını yarada bilmişdir. Bu tacir tamahkarlığı və xəsisliyi ucbatından hər addımda özünü gülünc vəziyyətə salan Hacı Qaradır.
Pul yığıb var-dövlətini daha da artırmağa çalışan Hacı Qara ailəsini ac saxlayır, uşaq oyuncaq yığdığı kimi, o da pulu sandığa yığıb nə özünə, nə də ailəsinə sərf edir. Pula hərislik onda qeyri-insani, iyrənc xüsusiyyətlər yaradır, hətta qoca vaxtında onu qaçaqmal alverinə getməyə məcbur edir.
Hacı Qara, bir növ, rəmzləşmiş obrazdır, el-oba arasında xəsisliyi ilə «fərqlənən» adamların bu adla çağırılması təsadüfi deyildir.
Məsəllər, deyimlər