yun. phrasis – ifadə + logos – söz
Məcazlaşma nəticəsində dildə təşəkkül tapmış sabit ifadə.
F. söz birləşməsi və ya cümlə şəklində ola bilər: “ağzında söz durmamaq”, “gözü kəlləsinə çıxmaq”, “bir göz qırpımında”, “Bir daş altda, bir daş üstdə”, “İlanın ağına da lənət, qarasına da”, “İt əl çəkdi, motal əl çəkmədi”, “Araz aşığındandı, Kür topuğundan”. İfadənin F. olmasını bir neçə amil şərtləndirir:
1) leksik sabitlik;
2) tərkibindəki sözlərin ifadənin ümumi mənası ilə əlaqəsinin itməsi;
3) başqa dilə sözbəsöz tərcümə oluna bilməməsi.
Bədii dildə F.-dən geniş istifadə olunur. Bədii əsərin milli kolorit cəhətdən zəngin, qüvvətli olmasında F.-in rolu böyükdür. Bir çox bədii əsərdə işlənmiş məşhur deyimlər də zaman keçdikcə konkret situasiya ilə bağlılığını itirərək məcazlaşır və dildə sabitləşərək F.-ə çevrilir: Adı it dəftərində yoxdur (Ə.Haqverdiyev. “Mütrüb dəftəri”); Çünki oldun dəyirmançı (“Koroğlu” dastanı); sonuncu mogikan (F.Kuperin əsərinin adı); Axilles dabanı (Homer. “İliada”) və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti