Reklam
Reklam

Məsəllər, deyimlər

EV BUZOVUNDAN ÖKÜZ OLMAZ

►Öz çevrəsinə, yaxın adamlarına, mənsub olduğu topluma, xalqa və millətin təmsilçilərinə əsassız inamsızlığı istehza ilə bildirən ifadə.

İfadənin ilk dəfə «Əkinçi» qəzetində işlədildiyi ehtimal olunur.

Xalq arasında dolaşan və bəzən istehza ilə söylənən bu deyimi ilk dəfə Həsən bəy Zərdabi «Əkinçi» qəzetindəki (9 avqust, 1876) yazısında işlətmişdir. Qəzetin «Daxiliyyə» bölməsində böyük maarifçi bu deyimi belə kontekstdə işlədir:

«Bizim Qafqaz vilayətinin bir şəhərində iki şəxs bir-birilə belə söhbət edir:

Sual: – Əmi, eşitmisənmi ki, Badikubədə bir ildir filankəs «Əkinçi» ismində bir qəzetə çıxardır, təzə xəbərlər yazır, hikmət ilə hər bir şeyi aşkar edir?

Cavab: – Filankəs Şirvan vilayətinin Zərdab qəryəsinin sakini filankəsin oğlu, filankəsin nəvəsi deyilmi? Mən elə bilirdim ki, o qəzeti İvan, ya Karapet çıxardır. Pəs onu filankəs çıxardır imiş. Mən onun ata-babasını tanıram. Qoy getsin, ev buzovundan öküz olmaz...

Sual: – Əmi, belədə ev sahibindən adam olmaz və buzov gəlib ona sahib olur.

Cavab: – Boş sözdür, – deyib qalxıb yola düşür».

İndinin özündə də öz çevrəsinə, yaxın adamlarına, doğma xalqına və millətin təmsilçilərinə inamsızlıq olanda bu ifadə işlədilir.

Məsəllər, deyimlər