►Hansısa xeyirli işin vaxtının yetişdiyinә işarә vurmaq və ya bu barədə yarımçıq qalmış söhbəti təzələmək məqsədilə zarafatyana işlədilən ifadə.
İfadə xalq arasında övlad evləndirməklə bağlı yayılmış maraqlı bir əhvalatdan qaynaqlanır.
Oğlunun evlәnmәk vaxtı yetişmiş ata günlərin birində öz arvadı ilә söhbәtindә belə deyir: «Oğlanı evlәndirmәk vaxtıdır, gərək eşşәyi satıb toya tədarük görək». Oğul bu söhbəti eşidir və çox sevinir. Lakin aylar keçir və oğlan atasının daha bu mövzuda danışmadığını görür. Odur ki dözә bilmir vә bir gün anasını yanlayaraq deyir: «Ana, bәs niyә daha atamla eşşәkdən danışmırsınız?»
İfadә müasir dilimizdə də geniş yayılmışdır. Hansısa xeyirli iş üçün verilən vədin (evlənmək, işə düzəlmək, maaşı artırmaq, səfər etmək və s.) icrasının vaxtının yetişdiyinә işarә vurmaq, bu barədə yarımçıq qalmış söhbəti təzələmək vә ya fikri әsas mәsələyə yönәltmәk üçün bu ifadə işlədilir.
Məsəllər, deyimlər