►Adətən, bir şeyi daşımağın hədsiz ağır olduğunu bildirmək məqsədilə işlədilən ifadə.
İfadə Şərq xalqları arasında hazırcavablığı ilə tanınmış Təlxək adlı saray nədimi ilə bağlı yayılmış bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətdə deyilir ki, bir gün şah öz oğlu ilə obaşdan ova gedir. Səhərin havası sərin olduğu üçün bir qədər qalın geyinirlər. Günortaya yaxın isti düşəndə hər ikisi üst libaslarını çıxarıb daşıması üçün Təlxəyə verir. O da libasları səliqə ilə qatlayıb belinə alır. Paltarlar kifayət qədər çox olduğundan Təlxəyin belində ot tayası kimi görünür. Hökmdar bu mənzərəni görüb Təlxəyə sataşmaq məqsədilə istehza ilə belə deyir:
– Təlxək, sənin götürdüyün yük əməlli-başlı bir eşşəyin yüküdür.
– Bir yox, şah sağ olsun, iki eşşəyin yüküdür! – deyə Təlxək də söz altında qalmır.
İfadə əvvəlcə xalq arasında üst-üstə çox geyinmiş adamlara münasibətdə işlənmiş, sonralar getdikcə məcazi mənasını daha da genişləndirmişdir.
Hazırda bu ifadə dilimizdə bəzi hallarda «bir eşşək yükü» şəklində, çox vaxt isə sadəcə «eşşək yükü» formasında işlənir.
Məsəllər, deyimlər