Reklam
Reklam

Məsəllər, deyimlər

DÜŞMƏNLƏRƏ QANUN, DOSTLARA HƏR ŞEY

İdarəçilikdə vətəndaşlar və siyasi opponentlər arasında ayrı-seçkilik qoyulmasını, qanunun gücündən yalnız rəqiblərə qarşı istifadə olunmasını bildirən ifadə.

Peru prezidenti və marşal Oskar Benavidesə (1876–1945) xas olan bu deyim ötən əsrin 60-cı illərindən məşhurlaşmağa başlamışdır.

Latın Amerikasının məşhur siyasi xadimlərindən sayılan O.Benavides 1914–1915-ci illərdə, həmçinin 1933–1939-cu illərdə Perunun prezidenti olmuşdur. O, məşhur deyimi siyasi rəqibi olan müxalifət qüvvələrinə münasibətdə işlətmişdir. İfadəni Latın Amerikası ölkələrinin başqa diktator hakimlərinin adına yazırlar.

Müasir dövrdə bu deyim daha çox siyasi hakimiyyəti əldən vermək istəməyən, siyasi rəqiblərini hər addımda sıxışdırmağa çalışan avtoritar rejimlərin liderlərinə aid edilir. Araşdırmaçıların fikrincə, bütün hallarda bu deyimin özəyi Siseronun «Leliy, yaxud dostluq haqqında» əsərində verilmiş «hamıya ədalət, özününkülərə həm də üzgörənlik» tezisinə gedib çıxır.

Məsəllər, deyimlər