Reklam
Reklam

Məsəllər, deyimlər

DOSTUN ATDIĞI KƏSƏK DAŞDAN BƏRK İNCİDƏR

«Dost hesab edib güvənilən yaxın adamın elədiyi pislik daha ağrılıdır» mənasında işlədilən ifadə.

İfadə xalq arasında yayılmış bir rəvayətlə bağlı yaranmışdır.

Nəql olunur ki, bir şair ölkədəki ədalətsizliyi, şahın və əyanların zülmünü tənqid edən mübariz şeirlər yazırmış. Bundan xəbər tutan padşah şairi həbs etdirir. Bazar günü meydan qurub şairi əl-qolu bağlı halda buraya gətirtdirib dirəyə bağlatdırır və onu daşqalaq etmək əmrini verir.

Əyanlar padşaha yaltaqlıq edərək iri-iri daşları götürüb şairə atırlar. Daşların zərbəsindən şairin bədəni, başı yaralanıb al-qana boyanır. O bütün bu ağrı və əzablara dözərək səsini belə çıxarmır.

Əyanların içərisində şairin çox yaxın bir dostu da var imiş. Şahın qorxusundan daş atmaqdan boyun qaçırmağa cürət etməyən bu «dost» bir tərəfdən də şairi incitməkdən xəcalət çəkir. Buna görə yerdən kiçik bir kəsək parçasını tapıb şairə tullayır. Kəsək şairə dəyərkən o, ucadan nalə çəkib çığırır. Bayaqdan bu mənzərəni müşahidə edən şah və vəzir şairin hərəkətinə təəccüb edirlər. Şah onun qollarını açıb hüzuruna gətirilməsini əmr edir.

İri-iri daşlara dözüb kiçik bir kəsək parçasının təsirindən belə ah-fəryad etməyinin səbəbini soruşur.

Şair cavabında deyir ki, o iri-iri daşları atan düşmənlərdir, buna görə də onların daşları məni ancaq cismən incidirdi. Bu kiçik kəsəyi atan isə dostdur, ona görə məni ruhən incidir.

Məsəllər, deyimlər