►Əlində olanla kifayətlənməyin, aza qane olmağın, qazandığı ruziyə görə minnətdarlıq etməyin vacibliyini təlqin edən ifadə.
İfadə «Qurani-Kərim»dəki «Fatihə» surəsinin 2-ci ayəsindən qaynaqlanır.
Həmin ayədə Allaha – aləmlərin Rəbbinə, böyük Yaradana şükranlıq ifadə olunur. «Qurani-Kərim»in «Loğman» surəsində (12-ci ayə) isə deyilir ki, kim (Allahın nemətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükrünə möhtac deyildir, (özlüyündə) şükrə (tərifə) layiqdir!
«Sükür» sözü ərəb dilində olan «şükr» sözündən əmələ gəlib və «minnətdarlıq» deməkdir. İslam dinini qəbul edəndən bu günə kimi – yüz illər boyunca «sükür etmək» – Yaradana minnətdarlıq ifadə etmək məqsədilə xalqımızın həm folklorunda və şifahi ədəbiyyatında, həm də yazılı mənbələrdə ən müxtəlif deyimlər mövcuddur. Bu deyimlərin, demək olar, böyük əksəriyyətində minnətdarlıq ifadə edən «şükür» sözü var: «Allaha şükür», «Tanrının verdiyi paya şükür», «Kərəminə şükür», «Məsləhətinə şükür» və s.
«Buna da şükür» məhz həmin kateqoriyaya aid olan ifadələrdəndir.
Məsəllər, deyimlər