Reklam
Reklam

Məsəllər, deyimlər

BU DÜNYA QUYRUQDUR, BACARIB YEYƏNƏ...

►Həyatda zəngin, firavan yaşamaq üçün ağıl və fərasət işlətməyin vacibliyini vurğulayan ifadə.

İfadə qədim bir rəvayətdən qaynaqlanır.

Həmin rəvayətə görə, bir gün şah Abbasa xəbər verirlər ki, oğlu öz arvad-uşağı ilə onu ziyarətə gəlir. Şah bərk təəccüblənir, axı onun oğlu yox idi. Arvadı ilə məsləhətləşən şah gələn qonaqları hökmdar oğluna layiq dəm-dəsgahla qarşılayır, «oğlunun» şərəfinə gecəyarıyacan ziyafət verir. Qonaqlıqdan sonra oğlan arvad-uşağı yuxuya verib özü şahın hüzuruna gəlir və əlindəki bir parça kağızı ona uzadır. Şah kağızda yazılanları görcək öz xəttini tanıyır.

Ölkəsində olanlardan xəbərdar olmaq üçün şah Abbas hərdən libasını dəyişib xalq arasında gəzərmiş. Belə günlərin birində o, bazara gedir; bərk susayan şah qarpız istəsə də, baha olduğuna görə qıyıb almır. Elə bu vaxt cavan bir çoban gəlib bir yekə qarpız seçir, pulunu verir, onu yerə çırpıb ortadan bölür və iştahla yeyir. Şah udquna-udquna qalır. Özlüyündə düşünür ki, şah olasan, ürək eləyib bir qarpız ala bilməyəsən, amma Allahın çobanı səndən ürəkli çıxa. Sonra kağız götürüb bir neçə söz yazır. Çoban yanından keçəndə kağızı onun ayağının altına atır. Çoban kağızı görüb qaldırır və şahdan onun üçün oxumasını xahiş edir. Şah oxuyur: «Bu dünya quyruqdur, bacarıb yeyənə. Şah Abbas».

Oğlan həmin çoban olduğunu, bu kağızdan sonra ağasının sürüsünü satıb özünə yeddi yoldaş tapdığını, bahalı paltarlar, atlar aldığını, yaraqlandıqlarını və yola düşdüklərini danışır. Getdikləri hər ölkədə özünü şah Abbasın oğlu kimi qələmə verdiyini və hər kəsin ona inandığını deyir. Misir padşahının qızı ilə evləndiyini, indi isə onun ayağına gəldiyini bildirərək söyləyir:

– Başım sizindir, nə fərman versəniz, tabeyəm.

Şah dinmir, yanında əyləşən xanımına baxır.

Xanımı yerindən qalxıb oğlana yaxınlaşır və deyir:

– Yaxşı eləmisən, bala, halal xoşun olsun! Həqiqətən, bu dünya quyruqdur, bacarıb yeyənə.

Məsəllər, deyimlər