Reklam
Reklam

Məsəllər, deyimlər

BÖYÜK DƏYƏNƏK SİYASƏTİ

►Daha çox böyük dövlətlərin hərbi gücə, təzyiqə, repressiyaya əsaslanan siyasətini səciyyələndirmək üçün işlədilən ifadə.

İfadəni ilk dəfə ABŞ prezidenti Teodor Ruzvelt (1858–1919) hələ vitse-prezident olduğu vaxt – 1901-ci il sentyabrın 2-də Minnesota ştatında çıxışı zamanı işlətmişdir.

Həmin çıxışında T.Ruzvelt qərbi afrikalıların bir atalar sözünə istinadən demişdir ki, mülayim danışıb, amma əlindəki dəyənəyi yerə qoymasan, uzaq gedəcəksən. Siyasətçilərin fikrincə, T.Ruzvelt məsələyə bu cür yanaşması ilə prinsipcə «Amerika amerikalılar üçündür» şüarını ortaya atmış Monro doktrinasını daha da genişləndirmişdir. Vaxtilə prezident Monro öz doktrinasında Latın Amerikası ölkələrinə münasibətdə xarici siyasəti müəyyənləşdirərkən göstərmişdir ki, əgər bu ölkələrdə konflikt meydana çıxarsa, ABŞ hərbi gücündən istifadə etməklə onları tənzimləyəcəkdir.

Müasir dövrdə bir çox analitiklər ABŞ-ın təkcə Latın Amerikasında deyil, Yaxın Şərq, Afrika və Asiya regionundakı davranışlarını da «Böyük dəyənək» siyasəti kimi səciyyələndirirlər.

Məsəllər, deyimlər