►Həyatda hələ heç bir çətinlik görməmiş, bərkə-boşa düşməmiş adamlar haqqında işlədilən ifadə.
İfadə el arasında yayılmış məşhur bir rəvayətdən qaynaqlanmışdır.
Həmin rəvayətə görə, iki qalayçı kənd-kənd gəzib qab-qazan qalaylayırmış. Onlardan biri işini tez qurtarır və o biri yoldaşından əvvəl başqa kəndə yola düşür. Çöldə qoyun otaran çobana rast gəlir. Çoban onun qalayçı olduğunu öyrəndikdə doğramac yemək üçün yanında saxladığı taxta tabağı qalaylamağı tələb edir. Qalayçı etiraz edib taxtanı qalaylamağın mümkün olmadığını söyləyirsə də, çoban inadından əl çəkmir. Nəhayət, qalayçı qaçmağa üz qoyur, çoban onu yaxalayıb boynunu qoltuğunun altında sıxmağa başlayır. Çobanın onu boğmaq istədiyini görən qalayçı əlacsız qalıb taxta tabağı qalaylamağa razı olduğunu deyir. Çoban onun boynunu qolları arasından buraxır. Qalayçı tabağı nişasta ilə sürtməyə başlayır. Bu zaman o biri qalayçı gəlib çıxır və yoldaşının taxta qabı qalaylamasına inana bilmir, soruşur ki, nə iş görürsən? O isə tam ciddi halda:
– Görmürsən, tabağı qalaylayıram, – deyə cavab verir.
Yoldaşı soruşur:
– A kişi, dəli olmamısan, taxta tabağı da qalaylamaq olar?
Birinci qalayçı bir dostuna, bir çobana əyri-əyri baxaraq deyir:
– Sənin boynun hələ qoltuq görməyib, əgər görsəydi, taxta tabağı qalaylamağın mümkün olduğuna sən də şübhə eləməzdin.
Dilimizdə bu ifadə ilə eyni mənanı bildirən «başı daşdan-daşa dəymək», «kürəyi ilə qapı açmaq», «çörəyi daşdan çıxmaq» kimi ifadələr də işlədilir.
Məsəllər, deyimlər