Reklam
Reklam

Məsəllər, deyimlər

BAŞINA TӘNBӘKİ OYUNU AÇMAQ

►Kimisə bәrk incitmәk, ələ salıb dolamaq, ağır, gülünc vəziyyətə salmaq.

İfadənin xalq arasında qədimdən mövcud olmuş meydan tamaşasından qaynaqlandığı ehtimal edilir.

1906-cı ildә Hәmidә xanım Məmmədquluzadənin nәşr etdiyi «Asari-Əhməd bәy (türkcә şeirlәr)» adlanan kitabda «Tәnbәki oyunu» adlı xüsusi bir mənzumədə bu oyunun qısa mәzmunu aşağıdakı kimi açıqlanır.

Vilayətin avam obalarına misgәr, ya bir qeyri-sәnәtkar, ya bir xam qonaq gәlәndә adamlar onun yanına yığışar, başına tәnbәki oyunu gәtirәrdilər. O oyunlardan biri belә olub: Fәsadlı kәndinə gәlmiş bir neçә hәllac (pambıq satan) yerlilәr üçün yaxşı bir keçә salırlar. Onlar iyirmi gün yağı, qaymağı yeyib işlәyir, sonra da qırx manat tәlәb edirlər. Pulu olmayan fәsadlılar borclu qaldıqları hәllacların başına tәnbәki oyunu açmaq qәrarına gәlirlər. Bu dәfә fәsadlılar sözarası hәllaclara eşitdirirlәr ki, onlara xәlәt verәcәklәr. Bunun üçün elçi yolunda yatan qәflәni soymaq, onların xurma, kişmiş yüklәrini qarәt etmәk qәrarına gәlmişlәr. Hәllaclar hey and-aman edirlәr ki, bizə görə zəhmət çәkmәyin. Onlara qulaq asan olmur.

Gecә oğurluğa getmәk üçün hәllaclardan birini də aparmalı olurlar. Qaranlıqda içi qoyun qığı ilə dolu bir çuvalı xurma adı ilә gətirib hәllaca verirlәr. Bu әsnada atışma düşür. Oğurluğa gedәnlәr qaçırlar. Guya fәsadlılardan biri atışmada ölür və onu tabuta qoyurlar. Bütün oba tökülüşüb şivәn salır: kimi üzünü cırır, kimi başını yolur. Eyni zamanda düşünürlәr ki, divan bu işi bilsә, vəziyyət ağır olacaq, divana isә bu işi yalnız hәllaclar xәbәr verә bilәrlәr. Odur ki hәllac qırılmasa olmaz, kәsilәn baş danışmaz. Sonra guya hәllacları öldürmәk üçün qabaqlarına qatıb qaranlıq bir yerә aparırlar, әslindә isə onların qaçıb canlarını qurtarmasına imkan verirlәr. «Ölümün» әlindәn qaçan hәllacların yadına isə alacaqları pul düşmür.

Dilimizdə bu ifadə ilə eyni mənada işlənən «başına it oyunu açmaq», «başına kişmiş oyunu açmaq», «başına oyun açmaq» kimi söz birləşmələri də vardır.

Məsəllər, deyimlər