Reklam
Reklam

Məsəllər, deyimlər

BALIĞIN BÖYÜYÜ TABAQ ALTINDADIR

►Həqiqəti gizlətməyin qeyri-mümkünlüyünü, yalanın ömrünün qısa olduğunu eyhamla bildirmək üçün işlədilən ifadə.

Bu ifadə el arasında dolaşan bir rəvayətlə bağlı yaranmışdır.

Həmin rəvayətə görə, günlərin birində bir nəfər ailəsi ilə birlikdə çəmənlikdə süfrə başında oturub balıq yediyi zaman uzaqdan bir tanışının gəldiyini görür, tez süfrədəki iki balıqdan böyüyünü götürüb tabağın altında gizlədir.

Qonaq balığın tabaq altına qoyulduğunu görsə də, bir söz demir, amma necə olursa olsun balığı süfrəyə qoydurmağı qərara alır. Ev yiyəsi kiçik balıqdan kəsib qonağın qarşısına qoymaq istəyəndə qonaq ona macal vermir, balığı bütöv halda kişinin əlindən alıb ağzına dayayır və astadan nəsə deyir. Sonra balığın ağzını öz qulağına dayayıb bir qədər saxlayır, nəyi isə başa düşürmüş kimi gülümsəyir.

Ev yiyəsi qonaqdan bu hərəkətin sirrini soruşanda o deyir:

– Mən balıqdan soruşdum ki, Xızır peyğəmbəri qarnında gəzdirən balıq hələ sağdırmı? Balıq cavabında dedi ki, mənim yaşım az olduğundan belə şeyləri bilmirəm, böyük qardaşım tabağın altındadır, istəyirsən, ondan xəbər al!

Bu sözü eşidən ev yiyəsi mətləbi başa düşüb böyük balığı da tabaq altından çıxarıb süfrəyə qoyur.

Bu rəvayətdə vurğulanan əsas məna – həqiqəti gizlətməyin qeyri-mümkünlüyü, yalanın ömrünün qısa olması fikri ilə bağlı el arasında bir çox digər deyimlər də var: «cidanı çuvalda gizlətmək olmaz», «yalan ayaq tutar, yeriməz» və s.

Məsəllər, deyimlər