Reklam
Reklam

Məsəllər, deyimlər

AYDAN ARI, SUDAN DURU

►Mənəvi saflığı, düzgünlüyü, tәmizliyi, paklığı qabardan ifadə.

İfadə xalq arasında mövcud olan inanclarla bağlı yaranmışdır.

Adәtәn, xalq ifadәlәrindә dərin bir mәntiq, sözlәr arasında daxili mәna rabitәsi olur ki, bunu ay və su ilə müqayisə yaradan bu ifadədə müşahidә etmirik. Burada bir mәntiq yoxdur. Güman etmәk olar ki, bu ifadә yalnız estetik mәqsәdlә, ahәng, qafiyә xatirinә işlәnmişdir. Lakin, adәtәn, belә olmur. Dil tәkcә gözәllik üçün mövcud ola bilmәz. Dilin әsas mәqsәdi ünsiyyәtә xidmәtdir. Estetik cәhәt isә burada ikinci mәqsәd ola bilәr.

Xalq ifadәlәrindә ardıcıl gәlәn tәrkiblәr ya yaxın, ya da әksmәnalı sözlәrdәn tәşkil olunur ki, müәyyәn müqayisә vә ya qarşılaşdırmaya (geniş mәnada) xidmәt edә bilsin. Lakin «ay» vә «su» mәfhumları arasında heç bir mәntiqi әlaqә yoxdur vә bu sözlәr, adәtәn, bir-biri ilә qarşılaşdırılmır. Ona görә dә bәzәn «sudan duru» yox, «gündәn duru» ifadәsi işlәdilir. Amma bu son ifadәdә dә mәntiq yoxdur, «gündәn duru» birlәşmәsi heç bir mәna ifadә etmir.

İfadәnin daha doğru vә mәntiqi şәkli «Kitabi-Dәdә Qorqud» dastanında verilmişdir. «Bamsı Beyrәk» boyunda göstәrilir ki, Dәdә Qorqud Dәli Qacara deyir: «Aydan arı, gündәn görklü qız qardaşın Banıçiçәyi Bamsı Beyrәyә dilәmәyә gəlmişәm».

Burada hәm mәntiqi cәhәt («ay» ilә «gün» sözlәrinin qarşılaşdırılması), һәm dә estetik cәһәt (sәs tәkrarı: birinci tәrkibdә «a» sәslərinin assonansı, ikinci tәrkibdә «g» sәslәrinin alliterasiyası) vardır. Lakin dilimizdә «görklü» sözünün arxaiklәşmәsi nәticәsindә ifadә indiki şәkli almışdır.

Məsəllər, deyimlər