►Hər hansı iş üstünə çıxması, oraya gəlişi və ya ani də olsa, orada görünməsi ilə həmin işə uğur gətirmək.
İfadə xalq arasında tarixən formalaşmış müəyyən inancdan yaranmışdır.
Davamlı müşahidələr nəticəsində qədim insanlarda belə bir qənaət hasil olmuşdur ki, bir işi başlayarkən ona kimin xeyir-dua verməsinin, yaxud həmin işin üstünə kimin gəlib çıxmasının ciddi əhəmiyyəti vardır. Ona görə də gəlişi ilə uğur gətirən adamlar haqqında tədricən «ayağı sayalıdır», «ayağı düşərlidir» kimi fikirlər formalaşmışdır.
Bir çoxları xalq arasında əsrlərdən bəri işlədilən bu ifadələri son zamanlaradək heç bir əsası olmayan inanc, hətta avamlıq hesab edirdilər. Lakin son elmi araşdırmalar bu ifadənin elmi-tibbi baxımdan əsaslı olduğunu təsdiqləyir. Z.Mabudoğlu «Əcdadlarımızın tibbi bilikləri deyimlərimizdə» adlı əsərində müasir elmi təsəvvürlərə əsaslanaraq göstərir ki, orqanizmlər öz potensial imkanları baxımından fərqlidir. Hətta bədəndə toplanan və hələ elmə bir o qədər də məlum olmayan daxili enerji də müxtəlif (müsbət, mənfi, güclü, zəif və s.) xarakterli olur. Bəzi insanlarda bu enerji çox güclü olur. Belə insanlar özləri də hiss etmədən taleyin onlara bəxş etdiyi bu imkandan yeri gələndə gözlə, sözlə, alqışla, qarğışla istifadə edirlər. Bunu öz üzərində sınayanlar həmin gözəgörünməz enerjinin fərqli nəticələrini hiss edirlər.
Çox güman ki, xalq arasında işlədilən «göz dəyməsin», «Allah pis gözdən, pis nəzərdən qorusun» kimi ifadələr də təsadüfi yaranmayıb. Görünür, əcdadlarımız hələ çox qədimdən insan bədənində toplanmış enerjinin xarakteri barədə aydın təsəvvürlərə malik imişlər. Dilimizdə işlənən məlum sözlər və ifadələr bunu bir daha təsdiqləyir.
Məsəllər, deyimlər