Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CƏBRAYIL qəd. yəhudi dil.

Cabrayıl Allahın əsgəri, Tanrının döyüşçüsü mənasındadır. Dini şəxs adları sırasında olan Cəbrayıl, rəvayətə görə, Tanrının əmr, sərəncam və göstərişlərini peyğəmbərlərə yetirən mələyin adının ərəbcələşdirilmiş formasıdır.

Əvvəl “Tövrat”, sonra “Quran” xəbər verir ki, Allah öz istəyini yerinə yetirərkən bir neçə mələyin xidmətindən istifadə etmişdir. Yəhudi, xristian və İslam rəvayətlərindən belə məlum olur ki, onların arasında ən vacib hesab olunan mələk Cəbrayıldır. Allahın məsul tapşırıqlarını məhz onun yerinə yetirməsi ilə bağlı dini hekayələr kifayət qədərdir. Bu həmin mələkdir ki, qoca Zəkəriyyəni atan bakirə Məryəmi ana edir, nəhayət, “Quranı” hissə-hissə Məhəmmədə çatdırır və s. Cəbrayıl adının tərcüməsini ərəb dilində axtarmaq düzgün deyildir. Çünki İslam hədislərinə o, “Tövrat” əfsanələrindən düşmüşdür. Burada onun adı Qavriildir. Prof. L.Uspenskiy onu “Allahın döyüşçüsü”, fransız publisisti Leo Taksil isə “Allahın adamı” kimi tərcümə etmişdir. Bu gün məişətimizdə əsasən orta və yaşlı nəsil arasında Cəbrayıl şəxs adına kifayət qədər rast gəlinsə də, gənc nəslin nümayəndələri arasında, demək olar ki, təsadüf olunmur. Azərbaycanda addan formalaşmış Cəbrayılov, Cəbrayılzadə, Cəbrayıllı soyadları geniş yayılmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CƏFƏR ərəb.

cafar arx, çay deməkdir.

 

Bu sözün birinci saiti uzandığı üçün əvvəllər apostrofla (Cə’fər) yazılırdı. Belə yazılış sözün əs- linə daha yaxındır. Ərəb dilində cəfər sözü poetik məna daşıyır. Məcazi mənada cənnət çayı deməkdir. Bu da, yəqin ki, səbəbsiz deyildir. İsti Ərəbistan səhrasında insanlar üçün, eləcə də övladına ürəyi istəyən adı qoymaq istəyən valideyn üçün bu bənzətmənin nə qədər əziz olduğunu təsəvvür etmək çətin deyildir. Cəfər Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. İslam tarixində VI imamın adı Cəfəri Sadiq olduğundan sonralar şiələr arasında gözəl Cəfər ifadəsi yaranmışdır. Buradan da Cəfər adı məişətimizə yol açmışdır. XX əsrdə məişətimizdə çox geniş yayılmış kişi adları sırasında olsa da, bu gün müşahidəediləcək dərəcədə azalmış şəxs adlarındandır. Əsərlərinin təsiri ilə məişətimizə yen-yeni şəxs adlarının daxil olduğu, başqa sözlə, qəhrəmanlarının adı səhnədən keçib həyata vəsiqə qazanmış, XX əsrin otuzuncu illərində öz nəslinin və dövrünün, sonralar bütünlükdə Azərbaycan ədəbiyyatının böyük yazıçısı olmuş dahi sənətkar Cəfər Cabbarlı (1899–1934) bu adı daşıyan görkəmli şəxsiyyətlərin arasında öndə gedənlərdəndir desək, yəqin ki, səhv etmərik.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CƏFƏRQULU ərəb.

mürəkkəb adların tərkibində işlənən Cafar Qulu adlarının birləşməsindən yaranmış addır. Cəfərqulu (bax: ad – CƏFƏR; QULU) kişi adı Cəfərə qulluq edən anlamındadır.

Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Cəfərqulu bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CƏLALƏDDİN ərəb.

Calaladdin (bax: ad – CƏLAL; ƏD-DİN) şəxs adı dilimizdə dinin şan-şöhrəti, əzəməti, aliliyi, dəbdəbəsi mənasındadır. Cəlaləddin adının daşıyıcıları arasında ən məşhur olan şəxs XIII əsrdə yaşamış, İslam və təsəvvüf dünyasında tanınmış farsdilli şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud fəlsəfəsinin (panteizm) tanınmış nümayəndələrindən olan Cəlaləddin Rumi (120-1273) olmuşdur. Adın təhrif olunmuş formaları Cəlalətdin, Calaləddin, Calalətdin də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CƏMALƏDDİN ərəb.

Camaladdin (bax: ad – CAMAL; ƏD-DİN) şəxs adı dilimizdə dinin gözəli, dinin gözəl üzü, dinin gözəlliyi, dinin göyçəkliyi anlamını ifadə edir. Adın təhrif olunmuş formaları Cəmalətdin, Camaləddin, Camalətdin də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti