Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABBASŞƏRİF ərəb.

mürəkkəb adların yaranmasında iştirak edən Abbas və fars. Şərif adlarının birləşməsindən yaranmış şəxs adıdır.

Abbasşərif (bax: ad – ABBAS; ŞƏRİF) kişi adı Abbas adının şərəfli, müqəddəs olması ilə əlaqədardır. Adın təhrif olunmuş Abasşərif forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Abbasşərif bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDAL türk.

abdal sözündəndir.

Adətən lüğətlərdə abdal sözünün dilimizdə dərviş, qələndər, avara, sərsəri, dərbədər, səfeh, düşüncəsiz mənalarında olduğu qeyd edilir. Bu da sözün qədim türk dillərundə sadə, avam, yalan, hiyləanlamaz və buna yaxın mənalarda işlənməsi ilə əlaqədardır. Bu gün türk xalqlarının hər birində abdal sözü işlənir. Abdal kişi adı qədim türk tayfalarından birinin (Ağ hun) adındandır. Mənbələrdə Heftal, Heptal, Eftal kimi qeyd edilən etnonim Abdal adının müxtəlif fonetik formalarıdır. Alban tarixçisi Movses Kalankatlı Albaniyada yaşamış abdal tayfasından bəhs etmişdir. Onun yazdığına görə, heptallar (abdallar) Makedoniyalı İsgəndər dövründə (m.ə. IV əsr) buraya köçürülmüşlər. Ağdam rayonunda yerləşən Abdal kəndi haqqında Azərbaycan toponimlərinin ensiklopedik lüğətində verilmiş məlumatda göstərilir ki, suriyalı tarixçi Zaxari Ritor (VI əsr) Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli abdel tayfasının da adını çəkir. Akademik V.V.Bartold abadel/abdal tayfasını hun tayfası sayır. Qazaxlarda, qaraqalpaqlarda, türkmənlərdə və Türkiyədə də abdal tayfa adı olaraq qeydə alınmışdır. XV–XVI əsrlərdə Türkiyənin ictimai-siyasi həyatında abdal tayfası əhəmiyyətli rol oynamışdır. Elmdə hunların abdal qolunun bir hissəsinin Anadoluda yerləşməsi barədə də məlumatlar var. Türklərdə əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır. Azərbaycanda Ağdam, Sabirabad, Göygöl, Oğuz, Tovuz, Qubadlı rayonlarında Abdal, Abdallı, Abdalanlı və s. adlı kəndlər, Gürcüstanda Abdallı kəndi, Naxçıvanda və Şimali Qafqazda Abdal dağı, Tovuz rayonunda Abdal çayı məlumdur. Qeyd etmək lazımdır ki, 1923-cü ilə qədər Laçın rayonunun inzibati mərkəzi də Abdallar adlanırdı.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABD ərəb.

əbd sözündən olub, qul, kölə mənasındadır (bax: ad – ABDULLA).

Dilimizdə Abdı kimi tələffüz edilmiş ərəb sözü sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bəzi bölgələrdə Avdı kimi də tələffüz olunur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Abdı bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABDİNBƏY ərəb.

mürəkkəb adların yaranmasında iştirak edən Abdin adı və azərb. arxaikləşmiş bəy titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Abdinbəy (bax: ad – ABDİN; BƏY) kişi adı Abdin bəy anlamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Abdinbəy bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycanda Abdinbəyov soyadının kifayət qədər mövcud olması adın yaxın keçmişə qədər geniş yayıldığına dəlalət edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti