Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

KAMANDAR fars.

kaman dar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Kamandar (bax: ad – KAMAN; DAR) kişi adı oxatan, mahir atıcı, həmçinin ağasının ox-yayını gəzdirən xidmətçi mənasındadır.

Adın daşıyıcıları arasında XX əsrdə aşıq sənətinin bilicisi, el içində Aşıq Kamandar kimi tanınan Kamandar Həmid oğlu Əfəndiyevin (1932-2000) yaradıcılığına alimlər, sənətşünaslar, musiqiçilər, incəsənət xadimləri yüksək qiymət vermişlər.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

KARLEN

Məlum olduğu kimi, Sovet İttifaqının tərkibində olan digər respublikalarda olduğu kimi, Azərbaycanda da XX əsrin 20-ci illərindən ideoloqların, tanınmış rus inqilabçılarının, bolşeviklərin, siyasi xadimlərin adı, soyadı ilə bağlı yeni-yeni şəxs adları yaranırdı.

Məsələn, Voroşil (bax: ad – VOROŞİL), Klara (bax: ad – KLARA),

Marlen (bax: ad – MARLEN) və s. Karlen də bu qəbildən olan şəxs adları sırasındadır. Kommunizmin ideoloqlarından olmuş Karl Marks və V.İ.Leninin adlarından, daha doğrusu, adlarının başlanğıcındakı üç hərfin birləşməsi yolu ilə yaranmış Karlen adı heç bir məna ifadə etmir.

 

Azərbaycan şəxs adlarının izahlı lüğəti

KATİB ərəb.

katib sözü dilimizdə bir neçə mənada işlənir: 1. İdarənin, müəssisənin, və ya bir şəxsin yazı-pozu işlərini aparan adam; 2. İclasın və ya yığıncağın protokolunu yazan şəxs. Sovet dövründə hər hansı bir siyasi partiyanın, təşkilatın seçilmiş rəhbərinə, həmçinin icra şöbəsinin, icra strukturunun başçısına da katib deyilirdi.

Katib kişi adı da, addan ənənəvi yolla düzəlmiş Katibə (bax: ad – KATİBƏ) qadın adı da əslində sözün birinci mənası ilə əlaqədar olub, yazı-pozu işləri ilə məşğul olan (şəxs) anlamındadır. Türk xalqlarının antroponimik vahidlər sistemində mövcud Katib kişi adı bu gün məişətimizdə unudulmaqda olan şəxs adları sırasındadır. Qeyd etmək lazımdır ki, Katib adı da, Katibə adı da Azərbaycan antroponimikasına XX əsrin iyirminci illərindən sonra, daha doğrusu, sovet dövründə yaranmış adlardır. Sovet dövründə katib-icra strukturunun başçısı partiya mənsubiyyətinə görə çox böyük vəzifə idi. Bu adı övladlarına qoyan valideynlər sözün, əsasən, rəhbər vəzifə (sahibi) mənasını düşünürdülər. Başqa sözlə, məişətimizə mövcud Katib kişi adı icra strukturunun başçısı anlamındadır. Adın daşıyıcıları arasında Katib Çələbi (1609-1679) Türkiyənin məşhur tarixçilərindən olmuşdur. Türk xalqlarının antroponimik vahidlər sistemində mövcud Katib kişi adı bu gün məişətimizdə unudulmaqda olan şəxs adları sırasındadır. Adın daşıyıcıları arasında Katib Çələbi (1609-1679) Türkiyənin məşhur tarixçilərindən olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

KAZIMBƏY ərəb.

Kazım və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Kazımbəy (bax: ad – KAZIM; BƏY) kişi adı bəy Kazım, Kazım bəy mənasındadır. Adın daşıyıcıları arasında Mirzə Kazım bəy (1802, Rəşt – 1870, St.-Peterburq) XIX əsrdə görkəmli dilçilərdən olmuşdur. Əsl adı Məhəmməd Əli Kazım bəy olmuş Azərbaycan əsilli məşhur rus şərqşünası, tarixçi, türkoloq və filoloq, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olmuşdur. Mladorossi hərəkatının banisi Aleksandr Kazımbəyin babasıdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti