Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BAYANDUR türk.

bayandır sözü bir neçə mənada işlənir. 1. Tikilən, abad olan, abadlaşdırma; 2. Çiçəklənmə, tərəqqi etmə; 3. Əkilibbecərilmə, bol nemətlər yetirmə; 4. Nemətli. 

Bayandır sözünün kökü qədim türk sözü olan bay sözündən olub, varlı, zəngin mənasındadır. Xalis türk adlarındandır. “Oğuznamələr”də Bayandur çox təminatlı, zəngin, imkanlı, varlı mənasındadır. Tədqiqatçı Salman Mümtaz da bay sözünün varlı, böyük, bəy mənasında olduğunu göstərmişdir. Azərbaycanın şimal bölgələrində bay sözü hündür/iri/böyük/canlı mənalarında bu gün də qalmaqdadır. Bayandır adındakı an şəkilçisi türklərdə bəzən bitişdirici kimi, bəzən də sözdüzəldici şəkilçi kimi işlənmişdir. Məlumdur ki, bir çox türk xalqlarının kökü oğuzlarla bağlıdır. Bayandur xanın adı OrxonYenisey abidələrində yüksək titul, fəxri ad hesab olunmuşdur. Ağqoyunlu tayfa birləşmələrində Bayandurlar tayfasının hakim rol oynaması Ağqoyunlu hökmdarlarının bu tayfadan çıxması faktı ilə səsləşir. Müasir dilə çevirəndə “bəy kimi yaşa” deməkdir. Sözün son hecası, dur hissəciyinə indi də çox təsadüfi hallarda oğlan uşaqlarına qoyulan Dursun (bax: ad – DURSUN) adında da rast gəlinir. Bəzi müəlliflərin qənaətinə görə, “KitabiDədə Qorqud”dakı Bayandur xan dastan qəhrəmanıdırsa, XV əsrdə yaşamış Bayandur bəy məşhur sərkərdə, Ağqoyunlu dövlətində baş əmir olmuş real tarixi şəxsiyyətdir. Sultan Yaqubun dövründə o, Misir qoşunları ilə vuruşmada rəşadət göstərmiş güclü bir sərkərdə olmuşdur. Bayandur həm də oğuz tayfalarından birinin adı olmuşdur. Oğuzların iyirmi dörd boydan ibarət olduğunu qeyd edən bütün müəlliflər Bayandur tayfa adını qeyd etmişlər. Mahmud Kaşğaridə Bayandur adı üçüncü, Rəşidəddində 13cü çəkilir. Yazıçıoğlu Əlinin “Səlcuqnamə”sində və Əbulqazi xan Xivəlinin əsərində tayfanın adı Bayandur deyil, Bayandır kimi verilmişdir. Tarixi mənbələrdə Bayandur adının həm antroponim, həm də etnonim kimi işlədildiyi məlumdur. “Oğuznamə”də oğuzların Boz ox boyundan olan Göy xanın dörd oğlundan birinin adındandır. “KitabiDədə Qorqud” dastanlarında Qamğan oğlu xan Bayandur Oğuz elinin xanlar xanıdır. Bundan əlavə, dastanda Bayandırçay, Bayandurlu, Bayandır yaşayış məntəqə adları vardır. Türkmənistanın toponimiyasında türkdilli etnotoponimlər sırasında Bayandır da mövcuddur. Adın təhrif olunmuş formaları Bayandur, Bəyandur, Bəyandır da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BAYAT türk. 

bayat sözü dilimizdə bir neçə mənada işlənir: 1. Vardövlətli, bol nemətli, varlı, imkanlı, zəngin; 2. Allah, Tanrı; 3. Tanrının siması, üzü; 4. Köhnəlmiş, təzə olmayan, boyat; 5. Dəbdə olmayan; 6 Dadsız. Bayat şəxs adı sözün üçüncü mənası ilə əlaqədar olub, Yaradanın (Allahın) üzü anlamını ifadə edir.

Bayat sözü barədə müxtəlif araşdırmalarda fərqli fikirlər də mövcuddur. Məlum olduğu kimi, hələ “KitabiDədə Qorqud” dastanlarında Bayat tayfası haqqında məlumatlara rast gəlinir. XII əsrdə Mahmud Kaşğari özünün “Divanülüğət əttürk” əsərində Boyat qəbiləsinin adını çəkmiş və onu Oğuz tayfasının bir qolu kimi göstərmişdir. O, bu sözün ulu Tanrı mənasını verdiyini qeyd etmişdir. XV əsr türkuyğur şairi, alim Yusif Balasaqunlu özünün məşhur “Qutadqu biliq” əsərində Bayat adını qeyd edir. Cozef Toğan göstərir ki, Bayatlar Çingiz xanın köləsi deyil, onun ətrafında toplaşan bir çox qəbilələrdən biri olmuşdur. Bayat adını Oğuz xanın nəvəsi, Gün xanın oğuz ordusunun sağ qoluna başçılıq etmiş ikinci oğlu daşımışdır. Tayfanın adı da onun adı ilə əlaqələndirilir. Bayat ğuz tayfalarından biri olan Bayat tayfasının, xalqının adındandır. Araşdırmalarda göstərilir ki, Asiyanın geniş ölkələrindən Azərbaycana, Anadoluya, İraqa, Volqa çayı boylarına qədər izləri görünən bayatların tarixi varlığı haqqında tarixi mənbələrdə geniş məlumatlar vardır. Boyat/Bayat/Bayatlılar/Sincan  Boyat/QızıltəpəBoyat/Boyatansüxtə/Bayatlı/Keşlakbayat/Əlbayat/Boqayat (Tanrı odu) və s. paralelləri olan bu adın müxtəlif ərazilərdə, o cümlədən Azərbaycanda da arealları vardır. Qiyasəddin Qeybullayev, Tofiq Əhmədov, Afad Qurbanov da Boyat tayfalarının Azərbaycandakı yaşayış ərazilərini göstərərək Azərbaycana gəlmə tarixini qeyd etmişlər. Azərbaycan ərazisində Ağcabədi, Ucar, Neftçala və Şamaxı, Dəvəçi bölgələrində Bayat kənd adı, Dərbənddə Boyatlar məhəlləsi var. Qərbi Azərbaycanın Quqark (Qarakilsə) rayonunda Bayatlar kəndi olmuşdur. Məlum olduğu kimi, Məhəmməd Füzuli də Boyat boyundandır. Qarabağın – indiki Ağcabədinin Boyat kəndində anadan olmuşdur və İraqa da həmin mahaldan köçüb getmişdir. M.P.Vaqif, XV əsrdə yaşamış məşhur tarixçi, “Camicəmayin” əsərinin müəllifi Həsən Bayati, XII əsrdə yaşayıbyaratmış Bayat Abbas, türk şairi Yəhya Kamal Bayatlı, XX əsrdə xalq şairi Səməd Vurğunun da bu boya mənsub olması barədə məlumatlar mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti