bayandır sözü bir neçə mənada işlənir. 1. Tikilən, abad olan, abadlaşdırma; 2. Çiçəklənmə, tərəqqi etmə; 3. Əkilibbecərilmə, bol nemətlər yetirmə; 4. Nemətli.
Bayandır sözünün kökü qədim türk sözü olan bay sözündən olub, varlı, zəngin mənasındadır. Xalis türk adlarındandır. “Oğuznamələr”də Bayandur çox təminatlı, zəngin, imkanlı, varlı mənasındadır. Tədqiqatçı Salman Mümtaz da bay sözünün varlı, böyük, bəy mənasında olduğunu göstərmişdir. Azərbaycanın şimal bölgələrində bay sözü hündür/iri/böyük/canlı mənalarında bu gün də qalmaqdadır. Bayandır adındakı an şəkilçisi türklərdə bəzən bitişdirici kimi, bəzən də sözdüzəldici şəkilçi kimi işlənmişdir. Məlumdur ki, bir çox türk xalqlarının kökü oğuzlarla bağlıdır. Bayandur xanın adı OrxonYenisey abidələrində yüksək titul, fəxri ad hesab olunmuşdur. Ağqoyunlu tayfa birləşmələrində Bayandurlar tayfasının hakim rol oynaması Ağqoyunlu hökmdarlarının bu tayfadan çıxması faktı ilə səsləşir. Müasir dilə çevirəndə “bəy kimi yaşa” deməkdir. Sözün son hecası, dur hissəciyinə indi də çox təsadüfi hallarda oğlan uşaqlarına qoyulan Dursun (bax: ad – DURSUN) adında da rast gəlinir. Bəzi müəlliflərin qənaətinə görə, “KitabiDədə Qorqud”dakı Bayandur xan dastan qəhrəmanıdırsa, XV əsrdə yaşamış Bayandur bəy məşhur sərkərdə, Ağqoyunlu dövlətində baş əmir olmuş real tarixi şəxsiyyətdir. Sultan Yaqubun dövründə o, Misir qoşunları ilə vuruşmada rəşadət göstərmiş güclü bir sərkərdə olmuşdur. Bayandur həm də oğuz tayfalarından birinin adı olmuşdur. Oğuzların iyirmi dörd boydan ibarət olduğunu qeyd edən bütün müəlliflər Bayandur tayfa adını qeyd etmişlər. Mahmud Kaşğaridə Bayandur adı üçüncü, Rəşidəddində 13cü çəkilir. Yazıçıoğlu Əlinin “Səlcuqnamə”sində və Əbulqazi xan Xivəlinin əsərində tayfanın adı Bayandur deyil, Bayandır kimi verilmişdir. Tarixi mənbələrdə Bayandur adının həm antroponim, həm də etnonim kimi işlədildiyi məlumdur. “Oğuznamə”də oğuzların Boz ox boyundan olan Göy xanın dörd oğlundan birinin adındandır. “KitabiDədə Qorqud” dastanlarında Qamğan oğlu xan Bayandur Oğuz elinin xanlar xanıdır. Bundan əlavə, dastanda Bayandırçay, Bayandurlu, Bayandır yaşayış məntəqə adları vardır. Türkmənistanın toponimiyasında türkdilli etnotoponimlər sırasında Bayandır da mövcuddur. Adın təhrif olunmuş formaları Bayandur, Bəyandur, Bəyandır da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti