Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ARAL türk mənş.

aral sözünün müasir Azərbaycan dilində bir-birinə yaxın olan adalar, adalar arası, həmçinin ortada və ya aralıqda olan dəniz və ya göl mənalarını ifadə edir. Aral Orta Asiyada göl adıdır.

Məlum olduğu kimi, Azərbaycan antroponimikasında dəniz, göl, çay, bir sözlə, su obyektlərinin adlarından yaranmış kifayət qədər şəxs adı mövcuddur. Məsələn, Xəzər (bax: ad – XƏZƏR), Araz (bax: ad – ARAZ), Dərya (bax: ad – DƏRYA) və s. Aral şəxs adı da bu qəbildən olan şəxs adlarındandır. Adın məşhur Aral gölünün adından olması daha inandırıcıdır. Bu gün Aral şəxs adına əsasən yaşlı nəslin nümayəndələri arasında təsadüf edilməsi onu göstərir ki, Azərbaycanda Aral şəxs adı artıq köhnəlmiş adlar sırasındadır. Soyad kimi formalaşmamış kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ARAZ

miladdan əvvəllərə gedib çıxan araz sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Səadət, xoşbəxtlik, həzz, kef, ləzzət (fars dilində); 2. Məmnunluq, sakitlik, dinclik, arxayınlıq (fars dilində);3.Görüntü, görünüş. 4. Ara, ayıran. Türk şəxs adları lüğətlərində düşmən, küsən tərəflər mənalarını ifadə etməsi qeyd edilmişdir.

Etimologiyası ilə bağlı müxtəlif fikirlər vardır. Bəzi mənbələrdə Araz sözünün şumer dilində dağıdan çay, yunan dilində səs-küylü, türk dilində at qılı, at tükü, yun ipliyi, tükü kimi izahlarına da rast gəlinir. M.ə. VIII əsrdə müəyyən mənbələrdə Araz çayının adının çəkildiyi məlumdur. Qədim xett kitabələrində (m.ə. III minillik) bu çayın adı Haras–Laçın çayı kimi qeyd edilmişdir. Eyni zamanda bu ada müxtəlif məxəzlərdə Ərəs, Aras, Arraq, Eraz, Erazə, Yeras və s. kimi də rast gəlinir. Mənbələrdə mənşəyi və mənası barədə dəqiq məlumatlar yoxdur. Aydın məsələdir ki, Araz antroponimi hidronim əsasında yaranmışdır. Erkən dövrlərdə çayın sahillərində yaşamış insanların dilində “çay” mənasını ifadə etdiyi barədə məlumatlara rast gəlinsə də, bu, hələlik fərziyyə olaraq qalır. Mənbələrdə türk mənş. Araz sözündən olduğu barədə məlumatlar vardır. N.Nəbiyevin fikrinə görə, yunan mənşəlidir və möhtəşəm, böyük mənasındadır. Dilçi alim N.Əsgərov Araz hidroniminin tarixi mənbələrdə müxtəlif fonetik variantlarda Aras/ Araks/Arras/Rass və s. işlənməsini göstərməklə bərabər, ayrı-ayrı tədqiqatçıların, o cümlədən A.Axundovun Araz antroponim mənşəlidir, A.Nikonovun Araz su mənasını ifadə edir fikirlərini verir və Araz hidroniminin etnonim (as/az) əsasında yarandığı qənaətinə gəlir. B.Abdullayev isə Araz hidroniminin antroponim kimi işlənməsini Araz çayının coşqunluğu ilə bağlayır. Göründüyü kimi, Araz hidroniminin antroponim kimi işlənmə səbəbi müxtəlif prizmalardan izah olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında çay, dəniz, göl, bir sözlə, su hövzələrinin adlarından yaranmış kifayət qədər şəxs adı mövcuddur. Yəqin ki, Araz kişi adı da bu qəbildən olan şəxs adlarındandır. Yazıçı Abdulla Şaiq yeganə irihəcmli əsəri olan “Araz” povestinin qəhrəmanına da bu adı vermişdir. Əsərdə inqilabçı Araz çox çətin həyat yolu keçmiş gənc fəhlədir. Yazıçının çox böyük şövqlə təqdim etdiyi qəhrəmanı Araz o dövrdə xalq tərəfindən çox sevilmişdi, adın yayılmasında əsərin də özünəməxsus rolu olmuşdur. Qeyd etmək lazımdır ki, Araz bu gün də məişətimizdə geniş yayılmış şəxs adlarındandır. Addan soyad da formalaşmışdır. Araz adını XX əsrdə yaşayıb-yaratmış Azərbaycanın görkəmli şairi Məmməd İbrahimov (Məmməd Araz, 1933-2004) özünə təxəllüs kimi götürmüşdür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ARAZXAN

mürəkkəb adların tərkibində işlənən Araz adı və arxaikləşmış xan titulunun birləşməsindən yaranmış addır.

Arazxan (bax: ad – ARAZ; XAN) kişi adı Araz xan, xan Araz anlamındadır. Şifahi xalq ədəbiyyatı nümunələrində Araz çayına çox vaxt Xan Araz deyə müraciət edilmişdir. Bu da onun coşqunluğu ilə əlaqədardır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti