Reklam
Reklam

Məsəllər, deyimlər

HƏQİQƏTİ DEMƏK YAXŞIDIR, AMMA AĞIZDAN KÖPÜK GƏTİRİR

►«Həqiqət, doğru söz acı olduğundan onu söyləyənin başına fəlakət gətirilir, həyatı təhlükə qarşısında qalır» mənasında işlədilən ifadə.

İfadə Bəhlul Danəndənin geniş yayılmış bir lətifəsi ilə bağlıdır.

Bir gün Bəhlul Danəndə küçə ilə gedirmiş. Görür ki, iki nəfər möhkəm dalaşır, az qalır bir-birini öldürsün. Bəhlul Danəndə yaxınlaşıb bunları ayırmaq istəyəndə adamın biri xəncəri çıxarıb digərini öldürür və aradan çıxır. Vurulmuş adamın xəncər qarnında əziyyət çəkdiyini görən Danəndə xəncəri dartıb çıxarır. Lakin xeyri olmur və adam canını tapşırır. Səs-küyə yığışan camaat onu kimin öldürdüyünü soruşur. Danəndə əlində xəncər, yerdə qanlı meyit cavab verir:

– Mən öldürdüm.

Bəhlul Danəndəni çəkirlər hökmdarın divanına. Divanda da Bəhlul həmin adamı öldürdüyünü bir daha iddia edir. Danəndəyə ölüm cəzası kəsilir. Meydanda dar ağacı qurulur. Bütün şəhər camaatının gözü qarşısında onu çəkirlər dar ağacına. Kəndiri Danəndənin boğazına keçirəndə sonuncu dəfə ondan soruşurlar:

– Adamı sənmi öldürdün?

– Mən öldürdüm, – deyə o israr edir.

Kəndiri dartanda əsl cinayətkarın ürəyi dözmür, vicdana gəlib boynuna alır ki, adamı o öldürüb və Bəhlul Danəndənin heç bir günahı yoxdur. Bu etirafdan sonra Danəndəni kəndirdən azad edib özünə gəlmək üçün yerə uzadırlar. Handan-hana özünə gələn Danəndədən niyə başqasının günahını öz üzərinə götürdüyünü deyəndə o belə cavab verir:

– Bilmək istəyirdim ki, görəm bu dünyada haqq-ədalət var, ya yox.

– Bəs nə öyrəndin: haqq-ədalət varmı? Həqiqəti demək necədi?

Kəndir dartılan zaman ağzı köpüklənmiş Danəndə deyir:

– Həqiqəti demək yaxşıdı, amma adamın ağzından köpük gətirir.

Bu ifadəyə oxşar olaraq el arasında «Doğru söyləyəni doqquz yerdən qovarlar» deyimi də işlədilir.

Məsəllər, deyimlər

HƏR HALDA, YER FIRLANIR

►Aşkar təzyiq və qorxunun təsiri ilə öz fikrindən geri çəkilməməyin, qətiyyətli olmağın, həqiqət uğrunda mübarizədə inadkarlığın rəmzi kimi işlədilən ifadə.

İfadənin böyük italyan alimi Qalileo Qalileyin (1564–1642) dilindən çıxdığı ehtimal olunur.

Klassik mexanikanın, eksperimental fizikanın və astronomiyada teleskop müşahidələrinin əsasını qoymuş Q.Qalileyi fizikaya, riyaziyyata aid dərin elmi əsərləri, Ayda dağları, Günəşdə ləkələri və s.-ni kəşf etməsi ilə yanaşı, həm də bu məşhur ifadəsinə görə çox tanıyırlar.

1633-cü ildə inkvizisiya Qalileyi küfrdə ittiham etdi. «İki dünya sistemi haqqında dialoq» əsərində alim bütün planetlərin, o cümlədən Yerin Günəş ətrafında fırlanmasına dair Kopernik nəzəriyyəsinin doğru olduğunu bildirmişdi. Belə fikirlərə isə 1616-cı ildən kilsə tərəfindən rəsmən qadağa qoyulmuşdu.

Santa-Mariya kilsəsində keçirilən məhkəmə hökm çıxardı. 70 yaşlı alimin fikirlərindən yazılı surətdə imtina etməsini nəzərə alan inkvizisiya ona uzunmüddətli həbs cəzası kəsdi. Rəvayətə görə, Qaliley öz məşhur ifadəsini məhz həmin vaxt işlədib: hökmü diz üstündə dinləyib qalxdıqdan sonra bir ayağını yerə vuraraq «Hər halda, o fırlanır!» deyib.

Qalileyin məhkəmə önündə inadkarlıqla «Hər halda, o fırlanır» deməsi haqda rəvayəti İtaliya jurnalisti Cüzeppe Baretti 1757-ci ildə çapdan çıxmış «The Italian Library» kitabına daxil etmişdi. Barettinin bu informasiyanı haradan aldığı bilinmir, amma fakt budur ki, Qalileyin guya 1633-cü ildə dediyi sözü bizə ilk olaraq 124 il sonra yazılmış bu kitabın müəllifi «çatdırıb».

Maraqlıdır ki, kilsə Qalileyə yalnız 1992-ci ildə papa II İohann Pavelin təşəbbüsü ilə bəraət qazandırıb. Vatikan dahi alimi təqib etməklə səhvə yol verdiyini boynuna alıb.

Məsəllər, deyimlər

HƏR KƏSİN ÖZ YERİ VAR

►Hər bir adamın ləyaqətinə, nüfuzuna görə qazandığı yerinin, dəyərinin olduğunu bildirən ifadə.

İfadə qədim oğuzların rəsmi yığıncaq və mərasimlərdə müəyyən sistem üzrə oturmaları (və ya dayanmaları) ənənəsindən qaynaqlanır.

Qәdim oğuzlar tәntәnәli yığıncaqlarda müәyyәn nizamla oturardılar. Hörmәtindәn, tutduğu mövqedən, nüfuz dәrәcәsindәn asılı olaraq adamlar hökmdarın sağında vә solunda, mәclisin yuxarı vә ya aşağı başında әylәşmәli idilәr. «Hәr kәsin öz yeri var», «böyüyün böyük yeri var, kiçiyin kiçik» ifadәlәri bu adәtlә әlaqәdar meydana gәlmişdir.

S.Borodinin (1902–1974) «İldırım Bәyazid» romanında deyilir: «Teymurun monqol xanlarından mәnimsәdiyi vә öz sәltәnәtindә lap çoxdan tәtbiq etdiyi qayda hökmdarın hüzurunda hәr kәsin yerini düzgün müәyyәn edirdi. Ayın öz әtrafında dövrәlәnәn halәsi kimi hamı taxtın әtrafına toplaşmalı idi. Yenә də hәmin qaydaya әmәl olunurdu.

Peyğәmbәrin varislәri, qazılar, ülәmalar, mömin vaiz vә әyan-әşrәflәr taxtın sağ tәrәfindә otururdular. Sәrkәrdәlәr, әmirlәr, xanlar, onminbaşılar rütbәyә görә hәrbi qaydaya әmәl edәrәk sol tәrәfdә әylәşirdilәr.

Divanbәyilәr, müşavirlər vә vәzirlәr Teymurla üzbәüz, onların arxasında isә ayrı-ayrı mәmlәkәtlәrin hakimlәri vә zadәganlar öz yerlәrini tuturdular».

Müasir dilimizdә, әsasәn, mәcazi mәnada işlәnәn bu ifadәnin hәqiqi mәnası real hәyat faktlarından, həm də çağdaş cəmiyyətdəki ictimai münasibətlərdən qaynaqlanır.

Məsəllər, deyimlər

HƏR OXUYAN MOLLA PƏNAH, HƏR QATIRÇI MURAD OLMAZ

►Elm, sənət və peşə sahəsində məşhurlaşmaq üçün bilik və bacarıqla yanaşı, xüsusi qabiliyyətin olmasının vacibliyini vurğulayan ifadə.

İfadə xalq arasında yayılmış deyimdən qaynaqlanır.

Deyimin əsas məğzi ondan ibarətdir ki, təkcə adi qayda ilə elm öyrənmək və ya bir peşənin ardınca getmək insanı məşhurlaşdırmır, adam təkcə kitab oxumaqla elmləri qavraya bilməz, dərrakəli olmaz, qarşısına qoyduğu məqsədə çatmaq üçün Allahın verdiyi xüsusi talantın da olması vacibdir.

Məsəldə adıçəkilən böyük Azәrbaycan şairi Molla Pәnaһ Vaqif (1717–1797) savadlı alim, görkәmli şair, dövlət xadimi olmuşdur. Nücum vә «müһәndislik» elmlәrindә də sәriştәsi var idi. İbrahim xanın sarayında vәzirliyә qәdәr yüksәlmiş, xalqını sevәn bir vәtәnpәrvәr olmuşdur. Hәlә öz zamanında şöhrәti çox yayılmış vә onun adı ilә әlaqәdar düzәlәn yuxarıdakı ifadә atalar sözü sәviyyәsinә qәdәr yüksәlmişdir. Nәşr olunan bütün «Atalar sözlәri» kitablarına bu ifadә daxil edilmişdir. XIX әsr şairlәrindәn Həsənəli Qaradaği (1848–1929) öz tәzkirәsindә yazmışdır: «Yazılanlara görә, Vaqifin bir para elmlәrdә sәriştәsi var imiş. İbraһim xan Molla Pәnaһı möhtәrәm vә artıq dost tutub onun mәslәhәt vә tәdbiri ilә iş görәrmiş. Bu sәbәbdәn Qarabağda zərbi-mәsəl olub bir söz söylәnilir: «Hәr oxuyan Molla Pәnah, hәr qatırçı Murad olmaz».

Qatırçı Muradın adı da Qarabağ mahalının tanınmış şəxsləri siyahısına yazılıb. Əvvəllər Qarabağ xanının qatırçısı kimi ad çıxarıb. Çox bacarıqlı, mahir qatırçı olduğundan xan ona bәylik verib, üstəlik, indiki Ağdam rayonunun Muradbәyli kәndini dә ona bağışlayıb, yəni bu kəndin əsasını qatırçı Murad qoyub.

İndi çoxları dilimizdə işlənən bu ifadənin yalnız Molla Pәnah Vaqiflə bağlı olan birinci hissəsini xatırlayır, ikinci hissəni isə, demək olar ki, yaddan cıxarırlar. Halbuki məsəl lap əvvəldən başlıqda göstərilən kimi bütöv yayılmışdır.

Məsəllər, deyimlər

XANDAN GƏLMİŞ NÖKƏR

►Vəzifəli və nüfuzlu adamın adından istifadə edib sadə xalqı incidən, onlara yuxarıdan aşağı baxanlar haqqında işlədilən ifadə.

İfadə səlcuq və monqol hərbi ənənələri ilə bağlı meydana gəlmişdir.

İfadәnin tam şәkli «Xandan gәlmiş nökәrәm, dinmә, dişlәrini tökәrәm» şәklindәdir. Bu məsəldə ifadәnin tәrkibində işlәnәn «nökәr» sözü müasir mәnada deyil, tarixәn tam başqa mәnada çıxış edir.

«Kitabi-Dәdә Qorqud» dastanında nökәr qәbilәdә döyüşçü kimi xidmәt edәn azad adamdır. Nökәrlәr qәhrәmanların әn yaxın adamları, onların silahdaşıdır. Onların hörmәti, nüfuzu böyük idi vә bәylәr onlarla hesablaşmağa mәcbur olurdular.

Tarixçi Rәşidәddinә görә, XI әsrdә Sәlcuq qvardiyasında seçmә gәnclәrdәn ibarәt xidmәt dәstәsi – hәrbi dәstә yalnız nökәrlәrdәn tәşkil olunurdu. Qaraqoyunlu dövlətində də nökәrlәr hәrbçilәr idi. Bəzən bu nökərlərə müəyyən səlahiyyət verəndə rəiyyəti çox incidirdilər. Görünür, ifadə bu şəraitin məhsulu kimi meydana çıxmışdır.

Monqol sözü olan «nökәr//nökür», әslindә, «dost» demәkdir. Könüllü surәtdә xidmәtә daxil olan nökәr, әslindә (ilk dövrlәrdә), çox sәrbәst vә müstәqil idi. Odur ki qədimlәrdә hәtta aristokratlar da nökәr («dost») olmağa çox hәvәslә razılıq verirdilәr.

Tәdricәn nökәrlәr hәrbi xidmәtdәn әlavә, ağalarının әmri ilә digәr işlәrlә dә mәşğul olmağa başlayırlar: sırf tәsәrrüfat işlәrindә çalışır, ovda kömәkçi olur, balıq ovuna gedir, evә odun һazırlayır, o biri ev xidmәtçilәri ilә yanaşı xırda ev işlәrinә dә kömәk edirdilәr. Nökәrlәr әn çox çapar, qasid vәzifәsini yerinә yetirirdilәr.

Məsəllər, deyimlər

XARIBÜLBÜL XİFFƏTİ

►Çox hallarda yer, yurd, Vətən həsrətinin rəmzi kimi qəbul edilən ifadə.

İfadə el arasında gül və bülbülün nakam sevgisi haqqında yayılmış rəvayətdən qaynaqlanır.

El arasında gəzən bir rəvayətə görə, çox-çox qәdimlәrdә guya gül ilə bülbül bir-birinә bәnd imişlər. Gül bülbülün eşqinə hәr sәhәr yeni don geyәr, hәr dәfә ayrı bir rәngdә lәçәk açarmış. Bülbül dә onun eşqinә gecәni gündüzә qatıb cәh-cәh vurarmış, yorulub usanmazmış. Onların bu böyük mәһəbbәtinә bir çoxları hәsәd apararmış.

Bu məhəbbətə ən çox paxıllıq edən xar günlәrin bir günü fürsәt tapıb gizlicә gedib soxulur gülün içinә. Başlayır onun zәrif lәçәklәrini asta-asta, xımır-xımır yemәyә. Gül günü-gündәn solur: gözәlliyini, tәravәtini getdikcә itirir. Bülbülün ah-fәğanı әrşә çıxır, yerә-göyә sığmır. Eşidәnlәrin ürәyini qana döndәrir. Axırda bu insafsızlığa Allaһ özü dә dözmür. Bülbüllә gülü gәtirib elә bir yerdәcә dondurur, onları hәmişәlik bir-birinә qovuşdurur. Xar isә mәhv olub cәһәnnәmә gedir... İndi o gülә kənardan baxanda görürsәn ki, sanki gülün ortasına bir bülbül qonub.

Xarıbülbül çox az tapılan çiçәkdir. Xırda, yaşıltәhәr lәçәklәri var. Bir qayda olaraq, әl-ayaq dәymәyәn yerlәrdә bitir, onu otların arasında güclə görmək olur. Vətəni Azərbaycan (Qarabağ) olan xüsusi görünüşlü – bülbüllə gülün qovuşması təsvirində olan bu yabanı çiçəyin mahnı və şeirlərdə Vətən həsrətini bildirən simvol kimi vəsf edilməsi həmin çiçəyə və ifadənin özünə marağı artırmışdır.

Məsəllər, deyimlər