►Hər hansı fikri incə və düşünülmüş şəkildə deməyin, hər sözü yerində işlətməyin vacibliyini bildirən ifadə.
İfadə XI əsrdə Keykavusun tövsiyələr toplusu olan «Qabusnamə»dəki bir əhvalatın məzmunundan qaynaqlanır.
Həmin əhvalata görə, bir dəfə Harun ər-Rəşid yuxuda görür ki, bütün dişləri tökülüb. Səhəri yuxuyozanı çağırıb soruşur: «Bu yuxunun mənası nədir?» Yuxuyozan deyir: «Bütün qohum-əqrəban səndən qabaq öləcək, belə ki, heç kəs qalmayacaq». Harun ər-Rəşid deyir: «Bu yuxuyozana yüz çubuq vurun, o belə bir ağır xəbəri nə üçün mənim üzümə dedi, bütün qohum-qardaşım məndən tez öləcəksə, onda mən kimə lazımam?!»
Başqa yuxuyozanı çağırdılar, yuxunu ona danışdı. Yuxuyozan dedi: «Bu yuxu göstərir ki, padşahımız bütün qohum-əqrəbasından çox yaşayacaq».
Harun ər-Rəşid bir az götür-qoy etdikdən sonra dedi: «Ağılın hökmü eynidir, təbir həmin təbirdir, lakin ibarələrdə böyük fərq var». Əmr etdi, həmin kişiyə yüz dinar versinlər.
Əhvalat onu anladır ki, hər kəs öz dilinin altında gizlənib. Siz hər hansı mətləbi bir cür, başqası isə tamamilə başqa cür deyə bilər.
Məsəllər, deyimlər