Reklam
Reklam

Məsəllər, deyimlər

EZOP DİLİ

►Açıq deyilməsi müəllif üçün təhlükə yaradan hər hansı fikrin, mətləbin üstüörtülü, məcazi, eyhamlı şəkildə ifadə edilməsi üsulu.

İfadə eramızdan əvvəl VI–V əsrlərdə yaşadığı ehtimal edilən antik yunan şair-təmsilçisi Ezopun (yun. «Aisopos») adı ilə bağlıdır.

Ağır həyat yaşamış trakiyalı qul Ezop dövrün ədalətsizliklərini, o cümlədən öz sahiblərinin eyiblərini, mənəvi eybəcərliklərini, ictimai haqsızlıqları yaxşı görür və bunları öz şeirlərində birbaşa deməkdən çəkinirdi. Buna görə də təmsillər yazır, alleqoriyadan istifadə edirdi. Sonralar bədii əsərlərdə fikrin birbaşa deyil, simvollar, işarələr və kinayələrlə dolu ifadə tərzi Ezop dili adlandırıldı.

Ezopun əlyazmaları qalmayıb, onun təmsillərinə yazılı halda təxminən üç əsr sonra tərtib olunmuş mənbələrdə rast gəlinir. Herodot (e.ə. V əsr) və Aristotelin (e.ə. IV əsr) məlumatlarına görə, Samos adasında qul olan Ezop bir müddətdən sonra azadlığa buraxılıb və Delfidə öldürülüb. Plutarx (I əsr) isə təmsilçinin delfililəri təhqir etdiyinə görə qayadan atıldığını bildirir.

Ezop dilindən daha çox söz və fikir azadlığı üçün təhlükə yarandığı qapalı cəmiyyətlərdə, tənqidə görə təqiblərin güclü olduğu mühitdə yaradıcı adamlar, ən çox da şair, yazıçı, jurnalist və publisistlər istifadə edirlər.

Məsəllər, deyimlər

ƏCİNNƏ OVU

►Fərqli düşünən, hakim qüvvənin iradəsini qəbul etməyən insanların kütləvi şəkildə təqib olunduğunu bildirən ifadə.

İfadə orta əsrlərdə din xadimlərinin sehrbazlara və cadugərlərə qarşı apardığı kütləvi təqib və amansız mübarizə ilə bağlı yaranmışdır.

«Əcinnə ovu»na papa VIII İnnokentinin 1484-cü il dekabrın 5-də imzaladığı «Summis desiderantes» sərəncamı rəvac verib. Bundan iki il sonra kilsənin yaydığı «Əcinnələrin çəkici» adlı təlimat işıq üzü görüb. Həmin təlimatda şər qüvvələrlə əlaqədə şübhəli bilinənlərin aşkar edilməsi və dindirilməsi qaydaları əks olunub. Məhz bu andan etibarən inkvizisiya bütün səyini xristian dininin təmizliyinin qorunması üzərində cəmləşdirmək əvəzinə əcinnə və ovsunçuların kökünün kəsilməsi uğrunda amansız mübarizəyə yönəldib. «Əcinnələrin çəkici» kitabı o qədər populyar olub ki, tirajına görə hətta «Bibliya»nı da ötüb.

Bu illər ərzində İspaniya, Almaniya və İtaliyada 30 mindən artıq qadın əcinnə elan olunaraq qətlə yetirilib. 1589-cu ilin payızında cəmi 12 min nəfərin yaşadığı Kvedlinburqda bir gündə 133 «əcinnə» oda atılıb. Sənədlərdə göstərilir ki, təkcə 1609–1610-cu illərdə «Bask əcinnələri»nə qarşı məhkəmə proseslərinə ittiham edilən şəxs qismində 7000 nəfər cəlb olunmuşdu.

Avropanı bürümüş «əcinnə ovu» dalğasını yatırmaq üçün daha 150 il lazım gəldi. Belə ki, sonuncu «əcinnə»nin edam hadisəsi 1782-ci ildə İsveçrənin Qlarus şəhərində qeydə alınıb.

Maraqlıdır ki, «əcinnə ovu» ifadəsi XX əsrdə yenidən insanların leksikonuna qayıdıb. Hər hansı sosial təbəqənin nüfuzdan salınması üçün kütləvi informasiya vasitələrinin köməyi ilə aparılan siyasi kampaniyalar indi obrazlı şəkildə belə adlandırılır.

Məsəllər, deyimlər

ƏLİNİN PAPAĞINI VƏLİNİN, VƏLİNİN PAPAĞINI DA ƏLİNİN BAŞINA QOYUR

►Kasıb adamın birindən borc alıb o birinə verdiyini, dolanışıq üçün bir işi yarımçıq qoyub o birini götürdüyünü bildirmək üçün işlədilən ifadə.

İfadə el arasında dolaşan bir əhvalatdan götürülmüşdür.

Əhvalata görə, Əli və Vəli adlı iki oğlu olan yoxsul bir kişinin uşaqlarını yaxşı geyindirməyə imkanı yox imiş. Buna görə də o, uşaqlara cəmi bir dəst paltar, bir cüt çəkmə, hətta bir papaq alıb bayıra çıxanın əyninə geyindirər, bu müddətdə isə o biri qardaş evdə oturarmış. Yalnız qardaşlardan biri evə qayıdıb paltarını soyunduqdan sonra o birisi geyinib küçəyə çıxa bilərmiş. Beləliklə, yoxsul kişi uşaqlarını birtəhər yola verərmiş.

Ümumiyyətlə, Azәrbaycan dilindә «Әli» vә «Vәli» adları qarşılaşdırma vә ya müqayisә anlayışları şәklindә işlәdilir: «Әli aşından da oldu, Vәli aşından da», «Әlinin papağını Vәlinin, Vәlinin papağını da Әlinin başına qoyur», «Әlisi dәli, Vәlisi dәli, qırılmışın һamısı dәli». «Әli, Vәli, Pirvәli» vә s.

Güman ki, ifadә şiәlik tәbliğatını dәrk edә bilmәmәk vә ya ona etiraz әlamәti kimi formalaşmışdır. İş burasındadır ki, şiәlәr Әlini Allahın yaxın dostu hesab edir, «Әli vәlidir, Allahın hәbibi, dostudur» deyirlәr. «Vәli» sözü әrәbcә (Allaһa) yaxın, dost demәkdir.

Məsəllər, deyimlər