►Açıq deyilməsi müəllif üçün təhlükə yaradan hər hansı fikrin, mətləbin üstüörtülü, məcazi, eyhamlı şəkildə ifadə edilməsi üsulu.
İfadə eramızdan əvvəl VI–V əsrlərdə yaşadığı ehtimal edilən antik yunan şair-təmsilçisi Ezopun (yun. «Aisopos») adı ilə bağlıdır.
Ağır həyat yaşamış trakiyalı qul Ezop dövrün ədalətsizliklərini, o cümlədən öz sahiblərinin eyiblərini, mənəvi eybəcərliklərini, ictimai haqsızlıqları yaxşı görür və bunları öz şeirlərində birbaşa deməkdən çəkinirdi. Buna görə də təmsillər yazır, alleqoriyadan istifadə edirdi. Sonralar bədii əsərlərdə fikrin birbaşa deyil, simvollar, işarələr və kinayələrlə dolu ifadə tərzi Ezop dili adlandırıldı.
Ezopun əlyazmaları qalmayıb, onun təmsillərinə yazılı halda təxminən üç əsr sonra tərtib olunmuş mənbələrdə rast gəlinir. Herodot (e.ə. V əsr) və Aristotelin (e.ə. IV əsr) məlumatlarına görə, Samos adasında qul olan Ezop bir müddətdən sonra azadlığa buraxılıb və Delfidə öldürülüb. Plutarx (I əsr) isə təmsilçinin delfililəri təhqir etdiyinə görə qayadan atıldığını bildirir.
Ezop dilindən daha çox söz və fikir azadlığı üçün təhlükə yarandığı qapalı cəmiyyətlərdə, tənqidə görə təqiblərin güclü olduğu mühitdə yaradıcı adamlar, ən çox da şair, yazıçı, jurnalist və publisistlər istifadə edirlər.
Məsəllər, deyimlər