Reklam
Reklam

Məsəllər, deyimlər

QIĞILCIMDAN ALOV DOĞAR

►«İndi başlanmış kiçik bir iş gələcəkdə böyük nəticələrə səbəb olar» mənasında işlədilən ifadə.

İfadə Rusiyada bolşevizmin və sovet dövlətinin banisi olmuş V.İ.Leninin ötən əsrin əvvəlində nəşr etdiyi «İskra» qəzetinin devizi kimi yayılmışdı.

Çar mütləqiyyətinə qarşı mübarizə aparan Vladimir İliç Ulyanov (Lenin) etiraz hərəkatını ümumrusiya siyasi qəzetindən başlamağı vacib hesab edirdi. 1900-cü ilin dekabrında «İskra» («Qığılcım») qəzetinin ilk nömrəsi çapdan çıxdı. Qəzetin adının altında onun devizi yazılmışdı: «Qığılcımdan alov doğar». Həmin vaxtdan bu ifadənin müəllifi V.İ.Lenin sayılır.

Əslində isə tarixi faktlar sübut edir ki, aforizmin müəllifi dekabrist-şair Aleksandr Odoyevskidir. 1826-cı ildə çar sürgündə olan dekabrist Nikita Muravyovun arvadına ərinin arxasınca Sibirə getməyə icazə vermişdi. Böyük rus şairi A.S.Puşkin inqilabçılara həsr etdiyi yeni şeirini Anna Muravyova ilə dostlarına göndərmişdi.

Puşkinin sözlərindən ilhama gələn dekabrist-şair Odoyevski ona cavab olaraq «Gələcəkdən xəbər verən odlu simlərin səsi» şeirini yazmışdı. Həmin şeirdə aşağıdakı misralar da var idi:

Hədər getməz əməyimiz,

Qığılcımdan alov doğar.

Ağır sürgün həyatı keçirən, amma gələcəyə inamını itirməyən dekabristlər Odoyevskinin şeirini çox sevirdilər, «Qığılcımdan alov doğar» sətri isə onların inqilabi şüarına çevrilmişdi. Buna görə də Lenin həmin aforizmi inqilabçı «İskra» qəzetinin devizi kimi seçmişdi.

Məsəllər, deyimlər

QIRXINCI FƏNDİ BU GÜNƏ SAXLAMIŞDIM

►Bəzi «dostlarla» ehtiyatlı hərəkət etməyi, sirlərini başqasına verməməyi aşılayan ifadə.

İfadə Firdovsinin «Şahnamə»sinin qəhrəmanlarından biri olan məşhur pəhləvan Rüstəm-Zalın adı ilə bağlı əhvalatdan qaynaqlanır.

Şərqdə qüdrətli pəhləvan kimi tanınan Rüstəm-Zal yanında bir neçə şagird saxlayıb onlara pəhləvanlıq qaydalarını öyrədirdi. Bir müddət məşğul olduqdan sonra onlara bütün fəndləri öyrətdiyini bildirib sərbəst pəhləvanlıq etmələrinə icazə verir. Lakin onun şagirdlərindən biri şahın yanına gələrək deyir:

− Mən Rüstəm-Zalın işlətdiyi bütün fəndləri bilirəm, gücüm də ondan artıqdır. Rüstəm-Zalla güləşib onu yıxa bilərəm. Mən ölkənin birinci pəhləvanı olmaq istəyirəm.

Şah gənc pəhləvanın sözlərinin düzgünlüyünü yoxlamaqdan ötrü meydan qurub camaatı toplamağı və sonra Rüstəm-Zalı çağırıb gənc pəhləvanla güləşməyi əmr edir. Rüstəm şagirdinin nankorluq edib onun yerini tutmaq iddiasında olduğunu görərək bir söz demir, meydana girib güləşməyə başlayır. Dərhal da gözəl bir fənd işlədib gənc pəhləvanın kürəyini yerə vurur. Gənc pərt olur, lakin ayağa qalxıb Rüstəm-Zalla höcətləşməyə başlayır.

− Sən mənə öyrətdiyin otuz doqquz fəndin içərisində beləsi yoxdur. Bəs bu fəndi nə üçün mənə öyrətməmisən? − deyə onu məzəmmət edir.

Rüstəm-Zal cavabında deyir:

− Düzdür, mən bu qırxıncı fəndi sənə öyrətməmişəm, çünki onu bu gün üçün saxlamışdım. Belə etməsəydim, sən, yəqin ki, mənim öyrətdiyim fəndlərlə mənim özümə zərbə vuracaqdın.

Bununla əlaqədar atalar sözü də var: «Ustadına kəm baxanın gözlərinə qan damar».

Məsəllər, deyimlər

QIRMIZI XƏTTİ KEÇMƏK

Hamının qəbul etdiyi qaydanı, qoyulmuş ümumi qadağanı pozmaq, yanlışlığa yol vermək.

İfadənin XVIII əsrdə I Pyotr zamanında Rusiyada şəhər quruculuğu ilə bağlı meydana çıxdığı ehtimal edilir.

Həmin dövrdə şəhərsalma işlərində tətbiq olunan qırmızı xətlərin mahiyyəti ondan ibarət idi ki, şəhərsalma planının gerçəkləşdirilməsi zamanı müəyyən edilmiş ərazilərə heç kim toxunmasın. Yəni şəhərsalma strukturunun əsas karkas elementləri sayılan küçə-yol şəbəkəsi və bu şəbəkənin xanalarında yaranan məhəllələr qırmızı xətlərlə cızılırdı. Heç kimin bu xətləri keçməyə və ya onu dəyişməyə ixtiyarı yox idi, çünki onlar bu ərazilərin sərhədlərinin qoruyucuları sayılırdı.

Beləliklə, «qırmızı xətt» anlayışı tədricən şüurlarda sərhədlərin bir növü kimi qəbul edilir, böyük əraziləri bir-birindən ayırırdı. Qeyd etdiyimiz kimi, bu xətlər, ilk növbədə, şəhərsalma qaydasının və layihə hazırlanmasının əsas elementlərindən birinə çevrilirdi. Məhz bu elementin köməyi ilə ərazinin planlaşdırma kompozisiyası, küçələrin və digər açıq yerlərin məkan xüsusiyyətləri müəyyənləşdirilirdi. Başqa sözlə, bu xətlər təkcə planlaşdırmanın hüquqi sərhədlərini deyil, həm də müəyyən məhdudiyyətləri özündə əks etdirirdi.

Bu ifadənin qarşılığı kimi dilimizdə «qurşaqdan aşağı vurmaq», «cızığından çıxmaq», «ağını çıxarmaq» kimi deyimlər də işlədilir.

Məsəllər, deyimlər

QIZIL BUĞA

►Pulun, var-dövlətin çoxluğunu, zənginliyi və firavanlığın olduğunu bildirən ifadə.

İfadə «İncil»də Misirdən qaçan israillilərin səhrada qızıldan buğa düzəldib ondan imdad istəmələri ilə bağlı əhvalatdan qaynaqlanaraq yayılmışdır.

«İncil»ə görə, Misirdən qaçandan sonra israillilər səhrada gəzib-dolaşır, ərzaq, sığınacaq və eyni zamanda vəziyyətdən çıxış yolu axtarırdılar. Çıxış yolunu isə onda gördülər ki, qızıl-zinət əşyalarından buğa düzəldib ona tanrı kimi sitayiş etməyə başladılar. Belə nəql olunur ki, məhz bu buğa heykəlciyi sayəsində onlar Misir əsarətindən tam xilas ola biliblər.

Əslində, buğa lap qədimdən əksər xalqlarda müqəddəs heyvan sayılırdı. Qədim Misirdə Apis adlanan buğanı məhsuldarlıq tanrısı hesab edərək ona sitayiş eləyirdilər. Məbədlərdə Apisə həsr edilən müqəddəs buğalar saxlayırdılar. Belə buğanın ölümü ümumxalq matəminə səbəb olurdu, onu insan kimi mumiyalayır və məbəddə dəfn edirdilər. Dəfn mərasimi bitər-bitməz yeni müqəddəs buğanın seçimi ümumxalq bayramı kimi qeyd olunurdu.

«İncil»də göstərilən rəvayətdən bəri «qızıl buğa» sözləri pulun, qızılın hakimiyyətini təcəssüm edir. Bu mənada dünyanın bir çox böyük banklarının və beynəlxalq maliyyə qurumlarının qarşısında qızıl buğa abidəsinin qoyulması heç də təsadüfi deyildir.

Məsəllər, deyimlər

QIZIL DÖVR (ƏSR)

►Hər hansı bir xalqın, yaxud ölkənin tarixində iqtisadiyyatın, xüsusən elm və mədəniyyətin çiçəklənmə dövrünü səciyyələndirən ifadə.

İfadə e.ə. I əsrin sonunda və b.e. I əsrinin əvvəlində yaşamış məşhur Roma şairi Ovidinin yaradıcılığından qaynaqlanaraq yayılmışdır.

Böyük şair dünyadakı həyatı dörd dövrə bölür və insanların birinci nəslini qızıla bənzədirdi. Fikrini onunla əsaslandırırdı ki, həmin dövrdə bu insanlar ədalətli və vicdanlı idilər, sevgidə əzab çəkmədən, qanunlar olmadan və qərəzsiz yaşayırdılar. Yer üzündə həmişə bahar idi, toxumlar özləri şumlanmamış sahədə bitir və yetişirdi. Süd çayları və şirə bulaqları axır, yaşıl palıdlardan isə qızılı bal damcılayırdı. Bu dövrdə insanlar sakitlik və dinclikdən həzz alır, qorxu, aclıq, cinayət, müharibə, qanun nə olduğunu bilmirdilər. Belə utopik salnamənin təsvirinə antik şairlərin yazılarında tez-tez rast gəlmək olar.

Sonra gümüş əsr başlandı, əbədi baharı dörd fəsil əvəz etdi. O zaman insanlar özləri üçün evlər tikməyə və torpağı şumlamağa başladılar. Daha sonra insanların bir-birinə qarşı mübarizə apardığı mis əsri başlandı. Ən sonda isə dəmir əsr yarandı, bu zaman həya və həqiqət yoxa çıxdı, nəticədə hiyləgərlik və yalan, məkrlilik, zorakılıq və hərislik meydan sulamağa başladı.

Müasir dövrdə də biz qızıl əsr deyəndə həyatın ən yaxşı dövrünü, nəyinsə çiçəklənmə zamanını nəzərdə tuturuq. Həmin dövr haqqında sadəlövh etiqadlar çoxdan yox olub getsə də, «qızıl dövr» frazeoloji birləşməsi indiyədək işlənir.

Məsəllər, deyimlər