Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

münsərih bəhri

Əruz vəzninin bəhrlərindən biri.

“Mün­sərih” sözü “cəld, çevik, sürətli, axıcı, azad, sərbəst” mə­na­larında işlədilir. Bu bəhrin 2 və bəzən 4 növü olduğu göstərilir. Münsərih bəhrinin təfiləsi belədir: Müftə’ilün fA’ilün müftə’ilün fA’ilün; məsələn:

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Qoysanız öz oğlumu mən salım öz halimə,

Sənətimi öyrədib uydurum əhvalimə,

Dün bu oxutmaq sözün ərz elədim alimə… (M.Ə.Sabir)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mürəkkəb ad

Söz birləşməsi şəklində olan şəxs, yer, əsər, ölkə, tarixi gün və s. adları.

Mürəkkəb adlar cümlədə bir suala cavab verir və mürəkkəb cümlə üzvü olur. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şəki Şəhər İcra Hakimiyyəti. Yüksək dövlət vəzifələri, fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, uni­versitet, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi gün adlarında da bütün sözlərin baş hərfləri böyük yazılır (yar­dımçı sözlərdən başqa): Azərbaycan Respublikasının Pre­zi­den­ti, Azərbaycan Respublikasının Milli Məclisi və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mürәbbe

ər. – dördlük

Orta әsrlәr Şәrq әdәbiyyatında lirik şeir şәkillәrindәn biri; çoxbəndli dördlük.

Qafiyə quruluşu qoşmada olduğu kimidir: a.a.a.a, b.b.b.a, c.c.c.a, ç.ç.ç.a və s. Əksər hallarda birinci bəndin son misrası sonrakı bəndlərin son misrası kimi işlənir; məsələn:

Hasilim bərgi-həvadisdən məlamət dağıdır, (a) 

Məsnədim kuyi-məlamətdə fəna torpağıdır. (a) 

Zar könlüm təndə zindani-bəla dustağıdır, (a) 

Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! (a) 

                                      ***

Dövr cövründən tənü canimdə rahət qalmadı, (b)

Surəti-halimdə asari-fərağət qalmadı, (b) 

Möhnətü-qəm çəkməyə minbəd taqət qalmadı, (b) 

Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! (a)  (M.Füzuli)

Ədəbiyyatımızda başqa cür qafiyələnən dördlüklər də möv­cuddur. Әsasәn, lirik sәciyyә daşıyan, zәrifliyi, musiqililiyi ilә seçilən mürәbbe әsrimizin әvvәllәrindә, xüsusәn M.Ə.Sabir yaradıcılığında ictimai mәzmun vә satirik ifadə tərzi ilə zәnginlәşib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müsәbbe

Klassik Şәrq vә Azәrbaycan poeziyasındakı şeir şәkillәrindən biri; yeddilik.

Müsəbbenin hәr bәndi 7 mis­radan ibarәtdir. Birinci bәndin bütün misraları öz aralarında qafiyәlәnir, qalan bәndlәrin ilk altı misrası öz aralarında, so­nuncu misrası isә birinci bәndlә hәmqafiyә olur: a.a.a.a.a.a.a, b.b.b.b.b.b.a, c.c.c.c.c.c.a və s. Müsəbbe janrı ədəbiy­yatı­mızda geniş yayılmayıb.

Ey dil, düşübsən eşqə əgər, bu, bəla deyil. 
Eşq öylə bir mərəz ki, bəşərdən cüda deyil. 
Yarın cəfası aşiqə gərçi cəfa deyil, 
Amma vəfasızın da ədası əda deyil. 
Gül xar ilə bahəmdisə, bu bir xəta deyil,
Fikr etsəm əgər ki, həqiqi aşina deyil, 
Bu heç əhli-eşqə yaraşan müddəa deyil. 
                             ***
Aşiqliyin aləmdə nəyə nisbəti vardır? 
Aşiq olanın məşuquna minnəti vardır. 
Məşuq da sevərsə, əcaba, qiyməti vardır, 
Tanrı yazısın yazmış əgər, qisməti vardır. 
Əğyar, Sona, gəlsə də, nə hacəti vardır? 
Aləm bilir ki, başqa cürə niyyəti vardır. 
Amma bu da eşqə yaraşan müddəa deyil.  (Sona Xəyal)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müsəccə

Klassik Şərq ədəbiyyatında qafiyəli nəsr; səcli nəsr.

Ərəb ədəbiyyatında geniş yayılmış bu nəsr formasından klassik ədəbiyyatımızda da geniş istifadə edilib. M.Füzulinin türkcə divanının və “Leyli və Məcnun” poemasının dibaçəsi, eləcə də “Şikayətnamə” əsəri müsəccə ilə yazılıb: Salam verdim rüşvət degildir deyü almadılar. Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar. Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə cəmi sualıma cavab verdilər. Dedim:Ya əyyühəl-əshab! Bu nə feli-xəta vü çini-əbrudur? Dedilər: Müttəsil bizim adətimiz budur. Dedim:Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd vermişlər ki, övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua qılam. Dedilər: Ey miskin! Sənin məzaliminə girmişlər və sənə sərmayeyi-tərəddüd vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər görüb namülayim sözlər eşidəsən. Müsəccədən XX əsrin II yarısından sonra Rüfət Əhmədzadə, Rüfət Zəbioğlu və Rəfiq Zəka istifadə etmişlər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müsəmmən

Klassik Şərq poeziyasında hər bəndi 8 misradan ibarət şeir şәkli.

Birinci bəndin bütün misraları öz ara­larında, sonrakı bəndlərin ilk 7 misrası birinci bəndlə qafi­yələ­nir, 8-ci misra şeirboyu nəqərat kimi səslənir: a.a.a.a.a.a.a.a, b.b.b.b.b.b.b.a, c.c.c.c.c.c.c.a və s. Seyid Әzim Şirvaninin “Xoş ol zaman ki, yar mәnә hәmzәban idi” misraları ilә başlayan mәşhur müsəddəsinə İsmayıl bәy Nakamın yaz­dığı nəzirə müsəmmən şəklindədir:

Ol dəmdə kim ədəmdə vücudim nihan idi,

Birəng idim, qərargəhim binişan idi,

Şənim şükuhi qibtəgehi-qüdsiyan idi,

Zülfi-nigar mürği-dilə aşiyan idi,

Baği-səfadə bülbüli-can nəğməxan idi,

Cananə can, dilbərə dil mehriban idi,

Vəslətdə idi canü-könül, şadiman idi,

Dəmlər o dəmlər idi, zaman ol zaman idi...

                              ***

İrdi zamani-zilləti-hicran ehtiqar,

Tərkib olundu qeydimə bu ünsüri hisar,

Bu məhbəsi-küduratə naçar edib güzar,

Nakam gəldim aləmi-nasutə xarü-zar,

Getdi əlimdən axır o rifət, o etibar –

Kim, bulmuş idim ərseyi-lahutdə qərar,

Bir Adəm idim onda, məqamım cinan idi,

Dəmlər o dəmlər idi, zaman ol zaman idi. 

Müsəmmən Azərbaycan poeziyasında azişlənən şeir formasıdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müstәzad

Azərbaycan klassik şeirində misra və yarım­mis­ra­ların növbələşdiyi lirik şeir şəkli.

Mövzu, vəzn baxımından qəzəlqəsidəyə bənzəyən müstəzadda misraların sayı 20-50 arasında olur. M.P.Vaqif, S.Ə.Şirvani, Q.B.Zakir, S.Ə.Nəbati, M.Ə.Sabir və d. şairlərimiz müstəzad şeir şəklində yazıb-yaratmışlar. Klassik şeirimizdə müstəzadın müxtəlif for­ma­larına rast gəlinir. Əksər müstəzadlarda hər misradan sonra həmin misra ilə həmqafiyə olan yarımmisra gəlir.

Şirvanә sәni eylәrәm, ey namә, rәvanә,

Dön abi-rəvanә.

Çәk şölә, tutub bәzmi-әhibbadә zәbanә,

Gәldikdә zәbanə.

Ol mәclisә kim, ruhül-әmin almasa rüxsәt,

Yox girmәyә cürәt.

Torpağә düşüb əczlә üz qoy o mәkanә,

Tap izni-bәhanә. (S.Ə.Şirvani)

Müstəzadın digər növündə yarımmisra(lar) hər bənddən sonra gəlir. Bu müstəzadlarda qafiyə quruluşu belədir: a.a.a.a.a.a, b.b.b.b.a.a, c.c.c.c.a.a və s.; məsələn:

Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq,

Artar bizə yüz mərtəbə odlarına yanmaq,

Mən aşiqəm, ey gül sənə, olmaz bunu danmaq,

Ölən günədək eyləməzəm səndən usanmaq,

Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?

Bəsdir bu dayanmaq!

Allaha şükür, lalə yanağında eyib yox,

Dişində, dəhanində, dodağında eyib yox…

Bir zərrəcə zülfündə, buxağında eyib yox,

Qaşında, gözündə, qabağında eyib yox,

Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?

Bəsdir bu dayanmaq! (M.P.Vaqif)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mütədarik

Əruz vəzninin bəhrlərindən biri.

“Mütədarik” sözünün mənası “tədarük edən”, “hazırlıq görən” deməkdir. Bu bəhrdən Azərbaycan şeirində nisbətən az istifadə olunub. Mütədarik bəhrinin təfiləsi belədir: fAilün fəil fAilün fəil; məsələn:

Səndən əl çəkib kəsməm ülfəti,

Gərçi şər ilə var məzəmməti. (M.Ə.Ləli)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mütəqarib

Əruz vəzninin bəhrlərindən biri.

“Mütəqarib” sözünün lüğəvi mənası “bir-birinə yaxın olan şeylər” de­mək­dir. Azərbaycan şeirində bu bəhrin müxtəlif növlərinə rast gəlmək mümkündür. Bəhrin əsas təfiləsi belədir: Fə’Ulün Fə’Ulün Fə’Ulün Fə’Ulün; məsələn:

Çəkil, yol ver, at bağrı çatlatmamışıq,

Vurub YIXMIŞIQ, tutmuşuq, atmamışıq,

Çapıb qovmuşuq, qan-tərə batmışıq,

Yığıb milləti bir yerə qatmışıq. (M.Ə.Sabir)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müzare

Əruz vəzninin bəhrlərindən biri.

“Müzare” ox­şarlıq, bənzərlik mənalarını verir. Bu bəhrin 3 növü işlədilir. Əsas təfiləsi belədir: məf’Ulü fA’ilAtü məfA’İlün fA’ilün; məsələn:

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,

Bir ah ilə verərdi min Bisütunu badə. (M.Füzuli)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti