Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

akronim

yun. akros – uca + yun. ony­ma – ad

İki və daha artıq sözün baş hərf­lərindən təşkil olunmuş, ayrılıqda söz kimi tələffüz edilə bilən abreviatur.

Hərf-hərf tələffüz edilən digər abreviaturlardan fərqli olaraq (məs.: MTRŞ – Milli Te­­­­­le­viziya və Radio Şurası), A.-lər heca təşkil edir, yaxud hecalara bölünür (məs.: KİV – kütləvi informasiya vasitələri). Bəzi A.-lər dildə çox işləndiyi üçün faktik olaraq müstəqil sözlərə çevrilib:  «lazer» termini (ing. Light Amplification by Stimu­la­ted Emission of Radiation – məcburi şüa­landırma ­v­asitəsilə işığın güclən­diril­mə­si) onlara mi­saldır.

Jurnalistika terminləri lüğəti

aksent

lat. accentus – vurğu, səsin yük­səl­dilməsi

1. Nitqdə, təsvirdə, musiqidə  diq­qətin müəyyən detallara yönəldilməsi üçün onların müxtəlif üsullarla vurğulan­ması və başqalarından fərqlən­dirilməsi.

Şifahi nitq­də buna bəzi sözləri, ifadələri daha yüksək tonla səsləndir­məklə, intonasiya ilə nail olu­nur. Yazıda eyni məqsədlə konkret möv­zuya, proble­mə daha geniş yer ayrılır, ya­xud mətnin bir hissəsi xüsusi olaraq işa­­rələnir. Təsvirdə isə A. kadrın hər hansı detalını önə çıxarmaq, onu ayrıca işıq­lan­dırmaq kimi üsullarla yaradılır. 

2. Əcnə­bi­lərin, müəyyən ərazidə yaşayan əhali qru­­punun nitqində özünü göstərən səs-intonasiya elementi. 

Jurnalistika terminləri lüğəti

aktiv lüğət

Hər hansı dildə danışan şəxsin danışıq və yazıda istifadə etdiyi sözlərin cəmi.

Dilin lüğət ehtiyatında A.L. passiv lüğətdən kəmiyyətcə az olur. Jurnalistin A.L.-i nə qədər genişdirsə, materiallarının dili də bir o qədər zəngindir. 

Jurnalistika terminləri lüğəti

ağ ləkə

Senzura tətbiq olunan ölkələrdə səhifədən çıxarılan materialın, yaxud onun bir hissəsinin boş qalmış yeri.

Adətən, redaksiyalar belə yerləri senzuraya etiraz əlaməti olaraq başqa materiallarla doldurmur, boş saxlayır. Çıxarılan material sə­hifə həcmində olduqda bütün səhifə ağ dərc edilir. Bəzən KİV-ə qarşı təzyiqlərə «susmaqla etiraz» aksiyası kimi qəzetlər özləri də bir və ya bir neçə ağ səhifə ilə çıxır.

Jurnalistika terminləri lüğəti

alınması məhdudlaşdırılan informasiyalar

Dövlət sirri, habelə peşə sirri, kommersiya sirri, istintaq sirri, vətəndaşların şəxsi həyatına dair sirlər (fərdi məlu­mat­lar) kimi qanunla qorunan konfidensial məlu­matlar.

A.M.İ. yalnız dövlət öz üzərinə müvafiq beynəlxalq öhdəliklər götürdükdə, məxfilik müddəti başa çat­dıqda, məlu­mat­ların məxfiliyinin məq­sə­də­uyğunluğu ara­dan qalxdıqda (məsə­lən, onlar KİV-də ya­yıldıqda, digər üsul­larla ictimaiyyətə bəlli olduqda) açıq elan edilə bilər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti