Reklam
Reklam

Məsəllər, deyimlər

TFU-TFU, GÖZ DƏYMƏSİN!

►Bədnəzərdən, bəd niyyətdən, şərdən qorunmaq, gözə gəlməmək üçün işlədilən ifadə.

İfadə insanlarda tüpürcəyin sehrli gücünə olan inancdan qaynaqlanır.

Qədim insanlar belə hesab edirdilər ki, bu sözləri deyib ətrafa tüpürərkən şər qüvvələri qovub canını qurtara bilir. Adətə görə, şeytana sol çiyin üzərindən tüpürürdülər, sol tərəf qeyri-sağlam, günahlı, bütün mənalarda dürüst olmayan hesab edilirdi.

Ümumiyyətlə, qədimlərdə tüpürcək qüvvət mənbəyi, şəfaverici bir vasitə sayılırdı; məsələn, ara həkimləri yaranı sağaltmaq üçün onun üstünə tüpürürdülər, İsa Məsih ağız suyunu korların gözünə sürtərək onlara şəfa verirdi. Şərqdə analar uşaqlarının tez böyüməsi üçün qayğı ilə hər gün onların üzərinə tüpürürdülər. Qədim döyüşçülər ölümcül gücü möhkəmləndirmək üçün öz silahlarını ağız suyu ilə isladırdılar. Hələ indi də döyüşdən, yaxud ciddi və çətin bir işi görməzdən əvvəl bizlərdən bəziləri ovuclarına tüpürərək əllərini bir-birinə sürtür və bunu adamı qüvvətləndirən bir şey hesab edirlər. Əcdadlarımız həm də əmin idilər ki, ağız suyu bütün bədbəxtliklərdən, pisliklərdən və məkrlərdən insanları qoruyur.

Maraqlıdır ki, tarixən belə hörməti olan və çox güclü «silah» sayılan tüpürcək indi təhqir və hörmətsizlik vasitəsinə çevrilib.

Məsəllər, deyimlər