►Bir şeyi zay etmək, onu gözdən salmaq, nəyi isə çatdırarkən təhrifə yol vermək.
İfadə Şərqin klassik şairi Sədi Şirazi (1210–1292) ilə bağlı maraqlı tarixçədən qaynaqlanır.
Bir gün Sədi Şirazi yoldan ötərkən bir kərpickəsənin işləyə-işləyə onun şeirlərini çox təhrif olunmuş şəkildə oxuduğunu görür. Şair əsəbiləşir və kişiyə yaxınlaşaraq qurutmaq üçün günün qabağına düzdüyü çiy kərpiclərin üstünə çıxır və onları tapdalamağa başlayır.
Qoca bunu görüb əsəbi halda soruşur:
– A kişi, dəli olmamısan ki, bu yazıq kərpiclərin günahı nədir ki, onların qol-qabırğasını elə sındırırsan. Axı mən bunların üzərində zəhmət çəkmişəm!
Sədi cavabında deyir:
– Bəs mənim o yazıq şeirlərimin günahı nədir ki, sən onların qol-qabırğasını elə sındırırsan? Məgər mən onların üzərində zəhmət çəkməmişəm?
Məsəllər, deyimlər