►Hər hansı davamlı xoşagəlməz hərəkəti ilə kimisə əsəbiləşdirmək, bezdirmək, canını boğazına yığmaq.
İfadənin Şərq xalqlarının əksəriyyətinin folklorunda geniş yayılmış məşhur bir əhvalatla bağlı olduğu güman edilir.
Bir dəfə şagird öz müəllimindən xahiş edir ki, insan səbrinin mahiyyətini, ümumiyyətlə, səbir kasasının nə olduğunu ona başa salsın və həm də desin ki, alicənab adam insan təbiətinin bu təzahürü ilə necə davranmalıdır.
Şagirdinin sualını dinləyən müdrik müəllim bir kasa götürüb onun dizləri üstünə qoydu, sonra əlinə su ilə dolu kuzə verdi. Şagirdinə tapşırdı ki, gözlərini yumsun və yavaş-yavaş kasanı doldursun. Müəllim bu hərəkətin izahını da verdi:
– Başqa bir adamın səbrini sınayarkən sən gözüyumulu başqasının kasasını doldurursan, həm də həmin kasa bu zaman sənin dizlərinin üstündə olur. Sən o kasanın nə vaxt dolacağını bilmirsən, buna görə də suyun sənin öz üstünə tökülmək ehtimalı var.
Şagird yavaş-yavaş kasanı doldurmaqda davam edərək soruşdu:
– Deməli, alicənab adam başqasının səbir kasasını doldurmamalıdır?
– Yalnız bu deyil, – deyə müdrik müəllim cavab verdi. – Sən öz dizlərini də qorumalısan və burada xüsusi bir alicənablıq yoxdur.
– Bəs o daha nə etməlidir ki? – deyə şagird gözlərini açmadan təəccüblə soruşdu.
Müəllim, demək olar ki, dolu kasanı onun dizləri üstündən götürdü, suyu yenidən kuzəyə tökdü və dedi:
– Alicənab insan həm də nəzarət etməlidir ki, onun da kasası başqalarının dizində heç vaxt daşmasın.
Məsəllər, deyimlər