►Məqsədi qalibi müəyyənləşdirmək olan hər hansı yarışda iştirakın xüsusi əhəmiyyətini vurğulamaq üçün işlədilən ifadə.
İfadə Beynəlxalq Olimpiya Komitəsinin sədri Pyer de Kubertenin (1863–1937) nitqindən qaynaqlanaraq yayılmışdır.
Olimpiya hərəkatının görkəmli nümayəndələrindən olan Kuberten bu ifadəni 1936-cı ildə Berlində Yay Olimpiya Oyunlarının açılışı zamanı söylədiyi nitqində işlətmişdir. İfadənin məqsədi o idi ki, Olimpiya oyunları zamanı idman mübarizəsində iştirak edənlərin heç də hamısı qalib gəlib medal qazanmır. Amma bu yarışlarda iştirak edən hər kəs Olimpiya hərəkatının, idmanın inkişafına öz töhfəsini verir. Araşdırmaçılar müəyyən etmişlər ki, Pyer de Kuberten bu fikri ilk dəfə 1908-ci il iyulun 24-də Londonda işlətmişdir. O həmin gün Böyük Britaniyanın paytaxtında IV Yay Olimpiya Oyunlarının açılışı münasibətilə verilmiş ziyafətdə sonralar məşhurlaşmış deyimi bu formada işlətmişdir: «Həyatda qələbə vacib deyil, mübarizə aparmaq vacibdir; əsas udmaq deyil, ləyaqətlə mübarizə aparmaqdır».
İfadə bizim günlərdə də öz aktuallığını saxlayır və təkcə idman yarışları ilə bağlı deyil, hər hansı prosesdə iştirakı təqdir edib stimullaşdırmaq məqsədilə işlədilir.
Məsəllər, deyimlər