Reklam
Reklam

Məsəllər, deyimlər

OVCUMUN İÇİNİ İYLƏMƏMİŞƏM Kİ!

►Hansısa hadisənin baş verəcəyini öncədən görməməyi, bir şeydən xəbərsiz olmağı bildirən ifadə.

İfadə qədim xalq inanclarından qaynaqlanır.

Əfsanə və nağıllarda div, cin və əcinnələr bir adamın harada olduğunu, nə iş gördüyünü və ümumiyyətlə, hər hansı məlumatı öyrənməkdən ötrü ovcunun içini iyləyir və bu zaman guya istədiyi suala cavab alırlar.

Ovuc içi iyləmək yolu ilə adamların taleyini əvvəlcədən müəyyən etməyin mümkün olması haqqında da müxtəlif əfsanələr vardır və bunlar hamısı insanların sehr, cadu, magiyaya inanmaları ilə, obyektiv aləm haqqındakı məlumatlarının azlığı ilə əlaqədardır.

«Ovcumun içini iyləməmişəm ki!» ifadəsi «mənə bu barədə heç kəs bir söz deməyib», «mən bu hadisədən heç cür xəbər tuta bilməzdim» mənalarında işlədilir.

Məsəllər, deyimlər